Partiya sədri jurnalistləri təbrik edib

Hörmətli media təmsilçiləri, əziz jurnalist dostlar!

Sizi 22 iyul – Milli Mətbuat günü münasibətilə ürəkdən təbrik edir, hər zaman böyük məsuliyyət və peşəkarlıq tələb edən bu şərəfli peşənizdə hamınıza davamlı uğurlar diləyirəm.

Siz ölməz Həsən bəy Zərdabinin davamçılarısınız. Əsası “Əkinçi” ilə qoyulmuş milli mətbuatımızın 147 illiyini qeyd etmək sizinlə bərabər, bütün xalqımız üçün də əlamətdar hadisədir. Düz 147 il bundan əvvəl, 1875-ci il iyul ayının 22-də böyük maarifçimiz Həsən bəy Zərdabinin təşəbbüsü və redaktorluğu ilə “Əkinçi” qəzetinin ilk sayı işıq üzü görüb. 147 ildir ki, Azərbaycan öz milli mətbuatı, qələm adamları olan ölkələrin sırasındadır.

Mən fürsətdən istifadə edib, Milli Həmrəylik Partiyasının üzvləri adından və öz adımdan hər zaman partiyamıza informasiya dəstəyi verən, fəaliyyətimizi işıqlandıran media mənsublarına dərin təşəkkürlərimizi bildirir, peşə bayramınız münasibətlə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycanda və dünyada cərəyan edən ictimai-siyasi prosesləri işıqlandırmaqda, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra düşmənlərimizin bizə qarşı apardığı informasiya savaşının layiqincə dəf edilməsində hamınıza yenilməz güc və uğur arzulayıram.

Bayramınız mübarək olsun, “Əkinçi”nin qiymətli davamçıları!

Hörmətlə:
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri