Mədəniyyət naziri Daşkənddə TÜRKSOY-un baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir.

Səfər çərçivəsində Daşkənddə Adil Kərimli ilə TÜRKSOY-un baş katibi Sultan Raev arasında ikitərəfli görüş keçirilib.

TÜRKSOY-un 30 illik yubileyi münasibətilə baş katibə təbriklərini çatdıran nazir türk xalqlarının ədəbi-mədəni zənginliklərinin təbliğində təşkilatın fəaliyyətini yüksək qiymətləndirib.

Ölkəmizlə TÜRKSOY arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirən Adil Kərimli Azərbaycanın qədim Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasına və Şuşada “paytaxt ili”nin açılış mərasimində şəxsən iştirakına görə Sultan Raevə təşəkkürünü ifadə edib.

Baş katib Azərbaycanın TÜRKSOY-un fəaliyyətinə verdiyi davamlı dəstəyin əhəmiyyətini vurğulayıb, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin Azərbaycanın bu qədim şəhərinin tarixi-mədəni mirasının daha geniş miqyasda təbliği baxımdan böyük fürsət olduğunu bildirib.

Görüşdə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində nəzərdə tutulan tədbirlər və layihələr barədə fikir mübadiləsi aparılıb.