İctimai TV daha bir mötəbər quruma üzv qəbul edilib

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV) Azərbaycanda nüfuzlu şirkətlərin təmsil olunduğu Amerika Ticarət Palatasına (American Chamber of Commerce in Azerbaijan – qısa olaraq AmCham) üzv oldu.

İctimai TV-nin fəaliyyətini diqqətlə izləyən, verilişlərinin müasir texniki və keyfiyyət standartlarına uyğun yayımını nəzərə alan Amerika Ticarət Palatası İctimai TV-ni öz sıralarına qəbul edib. Bu işbirliyi tərəflər arasında işgüzar əlaqələrin genişləndirilməsi və palatanın digər üzvləri ilə İctimai TV-nin qarşılıqlı təcrübə mübadiləsi baxımından geniş imkanlar yaradacaq.

Qeyd edək ki, AmCham ölkəmizdə biznes maraqlarını dəstəkləyən və təşviq edən nüfuzlu iş birliyi kimi tanınır. Əsası 1996-cı ildə qoyulmuş Amcham Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edən aparıcı şirkətləri özündə birləşdirir. Təşkilatın məqsədi Azərbaycanı dünyada tanıtmaq, ölkəmizdə fəaliyyət göstərən biznes qurumlarının müxtəlif yönlü sosial-iqtisadi layihələrə dəvət etməkdir. Ölkənin ən böyük və ən nüfuzlu təşkilatlarından biri olan AmCham, ən yaxşı şəbəkə imkanlarını təmin edir.