Şəffaflıq amili

11 iyul tarixində 2023-cü il tarixində cənab Prezident ölkənin sosial-iqtisadi inkişafının 6 aylıq yekunlarına dair müşavirədə bir çox ciddi məsələlərə toxundu. O cümlədən burada ekoloji məsələlərə də münasibət bildirildi. Cənab Prezident Ermənistan tərəfindən bizim ekologiyamıza ciddi zərər vurulduğunu və prosesin davam etdiyini bildirdi”.

Dövlət başçısı vurğulayıb ki, bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər: Heç kim bizim iradəmizə təsir edə bilməz. Bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik.

Prezident İlham Əliyev həmçinin bildirmişdir ki, cari ilin altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi. Qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayemiz 6,5 faiz və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.

30 il ərzində Şərqi Zəngəzur və Qarabağı işğal altında saxlayan ermənilər bu ərazilərdə bizim ekoloji sərvətimizi tamamilə talayıb, dağıdıblar: “60 min hektardan çox ərazidə meşə örtüyü məhv edilmiş, ağaclar yandırılmışdır. Eyni zamanda təbii sərvətlərimizi həm də talan edərək ekologiyaya ciddi zərər vurublar.

Hal-hazırda Ermənistan Naxçıvanla sərhəddə ağır metallurgiya zavodunun inşasına başlamışdır. Hansı ki, bu zavoddakı tullantılar Arpa çayına tökülməsi və onun vasitəsilə Naxçıvan ərazisindən keçərək, Araz çayını çirkləndirməsi təhlükəsi çox böyükdür. Bununla əlaqədar cənab Prezident öz etirazını bildirmiş və bunun beynəlxalq konvensiyalara ziddi olduğunu söyləmişdir. Azərbaycanın müvafiq QHT-ləri də məsələyə öz etirazlarını bildiriblər.

Ermənistanın dağ-mədən sənayesinin tullantıları birbaşa və dolayısı ilə Azərbaycanın əsas içməli su qaynağı olan çaylarını çirkləndirir: “Bu tullantılar çayların flora və faunasını məhv edir. Bu azmış kimi, çay kənarında yaşayan əhalinin sağlamlığına ciddi təhdid yaradır. QHT-lər Ermənistan dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə baş nazir Nikol Paşinyana açıq məktub ünvanlayıblar: “Ermənistan hakimiyyəti özlərinin və ən əsası qonşu ölkələrin vətəndaşlarına ziyan vurulmasının qarşısını almalı, atılan addımlara görə məsuliyyət daşımalıdır. Məktubda beynəlxalq standartlara uyğun işlərin aparılması üçün monitorinq qruplarının təşkili və bu qrupların tərkib hissəsində Azərbaycan nümayəndələrinin olmasının vacibliyini açıq şəkildə qeyd edilib. Bizim üçün prioritet məsələ Azərbaycan vətəndaşlarının sağlamlığını qorunması, təhlükə saçan Ermənistanın dağ-mədən sənayəsində aparılan işlərin dayandırılması və beynəlxalq hüquq normalarına əməl edilməsidir

Prezident İlham Əliyev çıxışında ölkəmizin xarici borcuna da toxunub. Bildirib ki, bu rəqəm cəmi 6,7 milyard dollardır. Bu isə ÜDM-in təxminən 10 faizini təşkil edir. Azərbaycanın xarici ticarət balansı da müsbət saldodur. Dünyanın əksər ölkələrindən fərqli olaraq, ilin birinci altı ayında profisitimiz 10 milyard dollara yaxın olub. Manatın məzənnəsi sabitdir. Bu da nadir hadisələrdəndir. Təbii ki, bütün bunlar cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin məntiqi nəticəsidir. Bütün bunlar isə Azərbaycan vətəndaşının sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən amillərdir.

Hər zaman Cənab Prezidentin qeyd etdiyi kimi, bəzən BMT-nin elə qərarları olur ki, həmin qərarlar ən qısa zaman müddətində yerinə yetirilir və icra edilir. Azərbaycana gəldikdə isə Azərbaycanla bağlı məsələlərdə biz bu nümunəni görmürük və bu gün biz açıq-aydın ikili standartların, qərəzli yanaşmaların bizə qarşı davam etdiyinin şahidi oluruq. Bu baxımdan bütün bunlar nəzərə alınaraq əlbəttə, beynəlxalq hüquqa bel bağlamaq olmaz. Azərbaycan özü güclü, prinsipial, qətiyyətli olmalıdır.

Prezident İlham Əliyev çıxışında Böyük Qayıdış proqramına toxunaraq bildirmişdir, bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə – bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar.

Son vaxtlar nəqliyyat sektoruna tələbat daha da artır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir. Ölkəmizin əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizlərinin ərsəyə gətirilməsinə imkan verib. Bu gün Azərbaycanın üzərindən daşınan beynəlxalq yüklərin həcmi gündən-günə artmaqdadır. Ölkə başçısı qeyd etdi ki, bizim əsas məqsədimiz beynəlxalq daşımaları artırmaqla kifayətlənmək deyil. Biz həm də bu dəhlizlər üzərində yerləşən yaşayış məntəqələrində istehsal sahələrini yaratmalı və bu dəhlizlərdən ölkəmizin qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün istifadə etməliyik. Prezidentin bu tapşırığı ölkənin qeyri-neft sektorunda çalışanlar üçün bir yol xəritəsidir.

Mürvət Əsgərov
Xətai rayon, Ağsaqqallar Şurasının sədr müavini