Vətəndaşlara xəbərdarlıq: “Külli miqdarda SAXTA QIZIL satışa çıxarılıb”

“Ölkəmizin qızıl məmulatları bazarında külli miqdarda saxta və aşağı keyfiyyətli mallar var. Çünki bu sahəyə nə ictimai, nə də dövlət nəzarəti var”.

Zafer Tv xəbər verir ki, bunu Bizim.media-ya açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli 114 saylı qərarı ilə Azərbaycan ərazisində pərakəndə ticarət şəbəkələrində dəyişdirilməli olmayan malların siyahısı müəyyən edilib:

“Bu siyahının önündə qızıl və qızıl məmulatları gəlir. Bu qərarı rəhbər tutan işbazlar aldadılmış vətəndaşların mallarını nə geri alır, nə də dəyişdirirlər. Mənə sonuncu dəfə bir vətəndaş müraciəti olub ki, “20 min manata saat almışam. Lakin iki gün sonra saat dayandı. Apardım ki, qaytarım. Satıcı nə saatı geri aldı, nə də dəyişdi”.

Belə vəziyyətdə istehlakçının harasa şikayət etmək hüququ yoxdur. Çünki hara getsə, şikayətçiyə Nazirlər Kabinetinin adını çəkdiyimiz qərarını göstərirlər”.

Eyyub Hüseynov onu da qeyd edib ki, bir zamanlar ölkəmizdə Maliyyə Nazirliyinin nəzdində Dövlət Əyar Palatası fəaliyyət göstərib:

“Həmin qurum qızıl məmulatları bazarına çox yaxşı nəzarət edirdi. Qurum həm ölkəyə gətirilən qızıl məmulatlarına, həm də yerli dövriyyəyə nəzarət edirdi. Qurumun nəzarətindən keçən məmulatlara xüsusi nişan vurulurdu. Və hər kəs də qızıl alarkən Əyar Palatasının nişanına xüsusi fikir verirdi. Çox təəssüf ki, son 5 ildə bu sahəyə heç bir nəzarət yoxdur. Nəzarətsiz bir yerdə qanunsuzluğun baş qaldırması da təbii prosesdir. Təsadüfi deyil ki, qızıl məmulatlarından şikayətlərin sayı günbəgün artır”.

Ekspert bildirib ki, hazırda saxta və keyfiyyətsiz qızıl məmulatlarına qarşı ancaq Daxili İşlər Nazirliyi (DİN) mübarizə aparır:

“Bu qurumun da müvafiq məsələ ilə bağlı lazımi səlahiyyəti yoxdur. Yalnız vətəndaş şikayətləri əsasında polislər məsələyə müdaxilə edirlər. Düşünürəm ki, DİN-ə əlavə səlahiyyətlər verilməlidir ki, qızıl məmulatları bazarındakı qanunsuzluğa son qoyulsun”.