Zəngəzur dəhlizinin açılması bir gün mütləq gerçəkləşəcək

Türk dünyasının aparıcı dövlətləri sayılan Türkiyə və Azərbaycanın liderlərinin budəfə məhz Naxçıvanda görüşməsi həqiqətən də tarixi hadisədir. Bu görüşdən bir neçə gün öncə yaşanan olayları, cərəyan edən mühüm hərbi-siyasi prosesləri iki qardaş ölkənin liderlərinin Naxçıvan görüşü üçün zəmin hesab etmək olar. Belə ki, sentyabrın 19-da Ordumuzun lokal xarakterli antiterror tədbirləri həyata keçirməsi nəticəsində Azərbaycan özünün Qarabağ iqtisadi bölgəsinin bütün ərazilərində suverenliyini bərpa edərək, separatçı rejimi tam süquta uğratdı. Sözügedən antiterror tədbirləri zamanı qardaş ölkəmiz bizə tam dəstəyini nümayiş etdirdi.
Türkiyə həmişə olduğu kimi sentyabrın 19-da Ordumuzun lokal xarakterli antiterror tədbirləri zamanı da Azərbaycana açıq dəstək verdi. Həmin vaxt BMT-nin 78-ci sessiyasında çıxışı edən qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı. O, dünyanın ən ali kürsüsündən “Qarabağ Azərbaycan torpağıdır” həqiqətini hamıya car çəkərək, bütün dünyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını diqqətə çatdırdı. Ərdoğan həmin çıxışında eyni zamanda Azərbaycan- Türkiyə münasibətlərinin “bir millət, iki dövlət” prinsipi ilə irəlilədiyini bir daha bəyan etdi. Azərbaycan Prezidenti İlham Əliyev də elə həmin gün “X” platforması (keçmiş Tvitter) üzərindən Ərdoğana BMT-dəki çıxışına görə təşəkkürünü bildirdi. Biz bu təşəkkürün davamına bir neçə gündən sonra Naxçıvanda da şahidlik edəcəkdik.Bəli, qardaş ölkənin Prezidentinin Naxçıvana səfəri Qarabağda keçirilən antiterror tədbirlərindən bir neçə gün sonra gerçəkləşdi. Odur ki, bu səfəri isti-isti baş tutan, olduqca vacib səfər kimi qiymətləndirən ekspertlər heç də yanılmırlar. İki türk dövlət başçılarının görüş yeri kimi məhz Naxçıvanın seçilməsinin də xüsusi anlamı vardı. Cənab Ərdoğanın səfərin lap ilk dəqiqələrində “Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyuram” cümləsini işlətməsi bu mənada heç də təsadüfi deyildi. Prezidentlərin Naxçıvanda bir araya gəlməsi dünyaya növbəti ismarıcımızdır. Bu səfər Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcını qoydu.

Liderlərin Naxçıvan səfəri zamanı İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasiminin keçirilməsi, Hərbi Kompleksin açılışı kimi təntənəli hadisələrin baş verməsinə şahidlik etdik. Eyni zamanda onların gündəmində yer tutan əsas prioritet məsələlərdən biri də məhz Zəngəzur dəhlizinin gələcək taleyi idi. Cənab Ərdoğan vacib əhəmiyyətə malik olan Zəngəzur dəhlizi ilə bağlı hələ Naxçıvana səfərə gəlməzdən öncə məhz BMT tribunasından bəyanat verərək, Ermənistanın 3 il keçməsinə baxmayaraq Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini hələ də yerinə yetirmədiyini vurğulamışdı. Prezidentlər Naxçıvan səfərinin sonunda mətbuata bəyanatda da Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin reallaşmasının strateji məsələ olduğunu və tamamlanacağına əminliklərini ifadə etdilər. Türkiyə lideri bildirdi ki, bu dəhliz açıldıqda Türkiyə-Azərbaycan qardaşlığı daha da möhkəmlənəcək, odur ki, dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik. Azərbaycan və Türkiyənin bu istiqamətdəki səylərinin qarşısını heç bir qüvvə ala bilməz. Bunu dövlətimizin başçısı İlham Əliyev də dəfələrlə çıxışlarında vurğulayıb. Bu mənada, Zəngəzur dəhlizinin açılması bir gün mütləq gerçəkləşəcək.

Bu səfər zamanı həmçinin Naxçıvan Hərbi Kompleksinin açılması həqiqətən də olduqca strateji əhəmiyyətli bir hadisə kimi qiymətləndirilə bilər. Belə bir xüsusi hərbi mərkəzin açılması ilk növbədə tarixi Şuşa Bəyannaməsindən irəli gələn birgə fəaliyyətin nəticəcisidir. Və bu istiqamətdə atılan addımlar onu göstərir ki, biz yaxın gələcəkdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin eyniləşdirilməsinə, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Ordusunun modeli əsasında formalaşdırılmasına şahidlik edəcəyik. Bir sözlə, hərbi sahədə mütttəfiqliyimiz daha da güclənəcək. İki dövlətin hərbi gücü tək yumruq halına gələcək. Bölgədə və dünyada hər kəs bizim gücümüzlə hesablaşmalı olacaq. Allah birliyimizə, qardaşlığımıza qüvvət versin!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri