Dövlət başçımızın bu fikirləri şəxsən mənim ümidlərimi daha da artırdı

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı olduqca önəmli bir fikir səsləndirdi. O, bildirdi ki, Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir.

Erməni işğalından əziyyət çəkən insanların çətin şəraitdə yaşadıqlarını, bir çox mənəvi çətinliklərlə üzləşdiklərini, onların öz haqq və hüquqlarından məhrum edildiklərini xatırladan dövlətimizin başçısı vurğulayıb: “Onlar bu imkanı, bu fürsəti 30 il idi gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi, bizim şanlı Qələbəmizlə bitən müharibə bu şəraiti onlara yaratdı. Bu gün bizdən gözləntiləri odur ki, tezliklə onları buraya qaytaraq. Böyük Qayıdış Proqramının icrası artıq imkan verib ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı kəndinə, Talış və Zabux kəndlərinə qayıtsınlar”.

Cənab Prezidentin bu fikirləri hər bir keçmiş məcburi köçkün tərəfindən təqdirlə qarşılanan fikirlərdir. Mən özüm də keçmiş məcburi köçkün olduğuma görə dövlət başçımızın bu fikirləri şəxsən mənim ümidlərimi daha da artırdı. İşğaldan azad edilmiş ərazilərin, o cümlədən mənim doğulduğum Qubadlı rayonunun dirçəlişi, bərpası və yenidən qurulması, Böyük Qayıdış proqramı üzrə tədbirlərin sürətlə həyata keçirilməsi doğma torpaqlara geri dönüşümüzü daha da yaxınlaşdırır.

I Qayıdış Dövlət Proqramı çərçivəsində bu il 500-dən artıq ailə azad edilmiş ərazilərin müxtəlif rayonlarına köçürülüb. Bu ilin sonuna kimi 7 min nəfərə yaxın vətəndaş işğaldan azad edilmiş rayonlara köçə biləcək. Gələn il isə 4 min ailənin öz yurdlarına qayıtması nəzərdə tutulur. Artıq Xocalı rayonuna da qayıdışın səmərəli şəkildə təşkil olunması üçün hazırlıq işlərinə başlanılıb.

Bir sözlə, Böyük Qayıdış proqramı üzrə tədbirlərin sürətlə həyata keçirilməsi, azərbaycanlı əhalinin öz doğma yurdlarına geri dönüş imkanının yaradılması üzrə nəzərdə tutulan işlər sürətlə icra olunur və bu bizim hər birimizdə böyük ruh yüksəkliyi doğurur. Allah dövlətimizə qüvvət versin!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri