Cənab Prezident torpaqlarımızda separatçılığa son qoyulduğunu da xüsusi olaraq vurğuladı

BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun bizim ölkəmizdə və məhz Zəngilanda keçirilməsi həqiqətən də olduqca önəmli hadisədir. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılış mərasimində çıxışı zamanı qeyd etdiyi kimi biz işğaldan azad olunmuş Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik və erməni vandalizminin nəticəsində tamamilə xarabalığa çevrilmiş Şərqi Zəngəzurun bu ən mühüm yaşayış məntəqəsinin sıfırdan yenidən inşa edilməsi BMT kimi nüfuzlu təşkilatın sözügedən tədbirinin məhz burada keçirilməsini labüd edir. Ölkəmizin bu qəbildən olan tədbirlərə ev sahibliyi etməsi işğalçı qonşumuzdan fərqli olaraq Azərbaycan xalqının qurucu, yaradıcı xalq olduğunu bütün dünyaya nümayiş etdirmək baxımından da xüsusilə əhəmiyyətlidir. Bu, Azərbaycan xalqının bölgəyə qalıcı sülhün gəlməsində maraqlı olduğunu, işıqlı və təhlükəsiz gələcəyə can atdığını göstərir.

Prezident İlham Əliyev forumdakı çıxışında Böyük Qayıdış Proqramının icra olunmasından tutmuş, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Qarabağdakı qondarma rejimin, hərbi xuntanın təslim olması, separatizmin kökünün kəsilməsi, bölgənin gələcəyi, reinteqrasiya, birgəyaşayış konsepsiyalarının həyata keçirilməsi kimi bir çox aktual məsələlərə toxundu, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunması üçün üzərimizə düşən vəzifələri, yeni hədəfləri göstərdi. Dövlət başçısı həmçinin dünyanın bir sıra ölkələrinin nümayəndələrinin qatıldığı bu forumda bir daha hər kəsin diqqətini Ermənistanın 30 illik işğalı dövründə ərazilərimizin tamamilə dağıdılması faktına yönəltdi və eləcə də hazırda həyata keçirilən bərpa-quruculuq işləri barədə ətraflı məlumat verdi.

Cənab Prezident qeyd etdi ki, bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib. Otuz il ərzində bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən artığı hazırkı Ermənistan ərazisindən sürgün edilib. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. 30 il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi. Ancaq indi biz bu torpaqlara əbədi qayıtmışıq və işğaldan azad edilən ərazilərin bərpası üçün bütün iradəmizi ortaya qoymuşuq. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına böyük ruh yüksəkliyi ilə qayıtması da bizim xalqımızın xarakterindəki yurda bağlılığı, torpağa sahiblik hissini təcəssüm etdirir. Dövlət başçımız bu məqamı xüsusilə vurğuladı və forum iştirakçılarının diqqətini xalqımızın öz ata-baba yurduna, Vətəninə bağlılığı amilinə yönəltdi.

Zəngilanın Ağalı kəndi haqda danışan Prezident bildirdi ki, heç zaman öz vətənini görməyən gənc nəsil indi öz dədə-baba yurduna qayıdıb, bu da onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır. Bu yaxınlarda keçirilmiş sosioloji sorğuya görə, əksər insanların həmin torpaqları görmədiklərinə baxmayaraq bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi faktı da xalqımızın öz köklərinə, torpağına bağlılığını təsdiqləyir. Bu amil isə dövlət başçısının da qeyd etdiyi kimi cəmiyyətimizdə xüsusi ovqat yaradır, insanlarımızda ədalətin bərpa olunması hissinin, milli ləyaqət hissinin daha da güclənməsini, gerçək Qələbə ruhunu formalaşdırır. Bütün bunlar isə heç şübhəsiz ki, bizim üçün olduqca qürurveriucidir.

Cənab Prezident torpaqlarımızda separatçılığa son qoyulduğunu da xüsusi olaraq vurğuladı. O, öz nitqində qeyd etdi ki, antiterror tədbirləri 24 saatdan da az bir müddətdə həyata keçirildi və qondarma rejimin, hərbi xuntanın təmsilçiləri ağ bayraq qaldırdılar: “Sentyabrın 20-də biz öz suverenliyimizi bərpa etdik. Yəni, artıq “boz zona”lar yoxdur, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulub. Bu, bizim güclü siyasi iradəmizin göstəricisidir. Bu, Azərbaycan hökumətinin Ermənistanla sülhə hazır olduğunu göstərir. Bu, yaxşı siqnaldır, – bəziləri hələ də qisas, revanşist ideyalarla yaşayırlar, – bu, onlara güclü siqnaldır ki, bu fikirlərdən imtina etsinlər”.

Azərbaycan tərəfi həqiqətən də tam səmimi şəkildə ümid bəsləyir ki, qarşı tərəf bu siqnaldan ciddi və düzgün nəticə çıxaracaq. Ancaq bununla yanaşı Cənab Prezidentdən Azərbaycana qarşı düşmən mövqedə olanlara, revanşist planlara can atanlara, bölgədə davamlı sülh üçün yaranmış real atmosferə müdaxilə edərək Ermənistanı sülh prosesindən yayındırmağa çalışan bəzi geosiyasi güclərə də ismarıc ünvanladı: “Bizim səbrimizlə oynamasınlar. Biz səbrliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”.

44 günlük müharibənin nəticələri də, lokal antiterror əməliyyatının nəticələri də əyani surətdə göstərir ki, Azərbaycan həqiqətən də səbrli olduğu qədər də qətiyyətli və cəsarətlidir. Ona görə də Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyi siyasi müdriklik nümayiş etdirməli, kənar güclərin Ermənistanı növbəti təxribatlara, hərbi avantüralara sürükləməsinə yol verməməlidir. İrəvan boş yerə vaxt itirilməsinə cəhd göstərmək əvəzinə, yekun sülh sazişinin imzalanması üçün yaranmış yeni imkanları düzgün dəyərləndirməlidir. Azərbaycanın sülh və sabitliyə sadiqliyinə heç kimin şübhəsi ola bilməz. Biz regionda sülh və təhlükəsizliyə, yenidənqurmaya yönələn qərarlılığımızı əməli olaraq təsdiqləmişik.

Ermənistan tərəfi həmçinin Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərlə spekulyasiya etməkdən də əl çəkməlidir. Çünki Cənab Prezident sözügedən forumda bir daha qətiyyətlə vurğuladı ki, biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik. Artıq biz erməni icmasına reinteqrasiya ilə bağlı, onların hüquqlarına dair planı, tədbirlər paketini də təqdim etmişik. Qarabağ ermənilərinin dini, təhsil, mədəni, bələdiyyə hüquqları, bütün bu məsələlər beynəlxalq konvensiyalara uyğun olaraq həll ediləcək, Azərbaycanın iştirakçısı olduğu konvensiyalara, bizim Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun olaraq həyata keçiriləcək. Ona görə də Ermənistan və onun havadarları bu məsələləri ortaya ataraq süni gündəm yaratmağa səy göstərməməlidirlər. Bu sahədə görüləcək bütün işlər müstəsna olaraq Azərbaycanın kompetensiyasına aiddir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri