Mərkəzi Bank 2024-cü ildəki inflyasiya proqnozunu və riskləri AÇIQLADI

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı 4±2% intervalında saxlamaqdan ibarət olacaq.

Zafer Tv xəbər verir ki, bu hədəf Mərkəzi Bankın 2024-cü il üzrə pul siyasəti bəyanatında yer alıb.

AMB bildirir ki, əvvəlki illərdə olduğu kimi, növbəti ilə də hədəf göstəricisi Dövlət Statistika Komitəsi tərəfindən hesablanan istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaq. Mərkəzi Bankın son proqnozlarına görə, davam edən pul siyasəti nəzərə alınmaqla 2024-cü ildə illik inflyasiyanın 5-5.5 faiz civarında olacağı gözlənilir. İnflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonunda formalaşmasını dəstəkləyəcək.

Bununla belə, AMB-yə görə, qiymət sabitliyi ilə bağlı bir sıra risklər 2024-cü il üzrə də aktuallığını saxlayır: “Növbəti ildə də xarici faktorlar – dünya bazarında əmtəə qiymətlərinin dinamikası və ticarət tərəfdaşlarında inflyasiya prosesləri ölkədəki inflyasiya proseslərinə təsir göstərəcək. Qlobal mühitdə geosiyasi gərginliyin davam etməsi şəraitində sözügedən xarici faktorlar çox dəyişkən ola bilər. Qlobal iqtisadi aktivliyin azalması və ayrı-ayrı ölkələrdəki maliyyə sabitliyi risklərinin qlobal miqyasda reallaşması da müxtəlif kanallarla ölkədəki makroiqtisadi sabitliyə təsir edə bilər. Xüsusən də dünya enerji qiymətlərinin kəskin dəyişkənliyi Azərbaycanın xarici şəraiti üçün təhdid yarada bilər. Qeyd edək ki, mümkün xarici şokun neqativ təsirlərinin minimallaşdırılması sahəsində hökumətlə Mərkəzi Bankın böhran idarəetməsi təcrübəsi və kifayət qədər resursları mövcuddur. Məcmu tələbin izafi genişlənməsi, xərc amillərinin təsirilə inflyasiya gözləntilərinin artması isə inflyasiya hədəfinə nail olmaqda başlıca daxili risk mənbələridir. Mövcud meyillərin davam etməsi halında fiskal məqsədlər üçün alışyönlü valyuta müdaxilələrinin 2024-cü ildə həyata keçirilməsi ehtimalı var”.