Moskvanın regionda təsiri tamamilə bitəcək

Azərbaycan və Ermənistan arasında ikili təmasların artması Bakı ilə İrəvan arasında vasitəçisiz danışıqlar prossinin mümkün olduğu reallığını ortaya qoyur. Bu müsbət tendensiya öz növbəsində həm Qərbin, həm də Rusiyanın Cənubi Qafqaza olan təsir imkanlarını minimuma endirir. Elə politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir.

Zafertv.az-ın xəbərinə görə, politoloq deyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması Cənubi Qafqazda geosiyasi prosesləri kökündən dəyişəcək. Onun sözlərinə görə, 100 ildən artıq Rusiyanın Cənubi Qafqazda yaratdığı siyasi nizam ikinci Qarabağ müharibəsi ilə pozuldu:

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə Moskvanın regionda təsiri tamamilə bitəcək. Rusiyanın yeni siyasi konfiqurasiya ilə barışması şərtdir. Rusiyanın Ermənistanın asanlıqla Qərbə inteqrasiya olunmasına və bu ölkədə hərbi bazalarının bağlanmasına seyrçi qalması sual doğurur. Əgər, Türkiyə Cənubi Qafqazda həlledici rola malik olmasaydı, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasi istiqamətində irəliləyişlərə mane olardı”.

Politoloq deyib ki, sülh müqaviləsinin bağlanmasında və irəliləyiş əldə edilməsində Türkiyə faktoru əsas rol oynayır:

“2024-cü il Rusiyanın Ukraynada ağır hərbi məğlubiyyəti və Cənubi Qafqazda tamamilə geosiyasi mövqelərini itirilməsi ilə nəticələnə bilər”.\\newscenter.az\\