Erməni lobbisinin əlində oyuncağa çevrilmiş Solovyov…

Rusiyalı teleaparıcı Vladimir Slovyov təkcə Azərbaycanın yox, Rusiyanın da düşmənidir. Bəli, rus xalqı bilməlidir ki, onun gizli (açıq) düşmənlərindən biri də məhz Solovyovdur. “Crocus City Hall” konsert zalında törədilmiş qorxunc terror aktını hansısa formada Azərbaycan ilə əlaqələndirmək, bu teraktın arxasında mifik “Azərbaycan izi”ni axtarmaq yalnız Solovyov kimi qərəzli, anormal düşüncəli, qeyri-adekvat şəxslərin ağlına gələ bilərdi. Odur ki, ölkəmizə qarşı ənənəvi ermənipərəst mövqeyi ilə seçilən bu xəstə təxəyyül sahibi Azərbaycanı növbəti dəfə hədəfə almaqla ilk növbədə Rusiyanın dövlət maraqlarına ciddi zərbə vurur.

Bu qalmaqallı və təxribatçı jurnalistin ictimai rəyi çaşdırmağa hesablanmış fərziyyələri və böhtanları bir yandan Rusiya hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaqın gedişinə müdaxilə cəhdidirsə, digər tərəfdən isə Azərbaycana qarşı informasiya təxribatı, dezinformasiya terrorudur. Bəli, Solovyov əlindəki efir imkanlarından terrorçu kimi istifadə edir. O, “Crocus City Hall”dakı teraktı törətməkdə təqsirli bilinən şəxslərin milli kimliyini müəyyənləşdirmək adı altında Azərbaycana qarşı informasiya terroru aparır. Hərçənd ki, o, yaxşı bilir ki, terrorçuların milli və dini mənsubiyyəti olmur və bu, artıq aksiomaya çevrilmiş bir həqiqətdir. Lakin bununla belə, onun Azərbaycanı məqsədyönlü şəkildə hədəfə alması, hadisə və proseslərə önyarğılı yanaşması, özünü jurnalistdən daha çox prokuror kimi apararaq hökm verməsi Azərbaycan ictimaiyyətində haqlı olaraq narazılıq doğurur.

Onun ən azı istintaq başa çatmadan və yekun məhkəmə qərarı elan edilmədən, milyonlarla izləyici auditoriyası olan tribunadan əsassız ittihamlar səsləndirərək Azərbaycanı qaralamağa cəhd göstərməsi heç şübhəsiz ki, bu teleaparıcının barəsində cinayət işinin açılmasına tam əsas verir. Bəli, Solovyovun anti-Azərbaycan ritorikası sözün tam mənası ilə artıq məhkəməlikdir. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin məlum müddəaları da Azərbaycan tərəfinə bu hüququndan istifadə etməyə imkan verir.

Solovyov terrorçuluqda şübhəli bilinən şəxslərin hansınınsa soyadında guya “oğlu” sözünün olduğunu əsas kimi götürərək, baş verən teraktı ciddi-cəhdlə Azərbaycanla əlaqələndirməyə çalışmaqla əslində azərbaycanlıları hədəfə çevirmək, ruslarla azərbaycanlılar arasında etnik zəmində qarşıdurma yaratmaq və Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirmək məqsədini güdüb. Bütün bunlar onu cinayət məsuliyyətinə cəlb etmək kifayət qədər əsas yaradır.

Bu adam Azərbaycan əleyhinə qərəzli və heç bir fakta söykənməyən fikirlər səsləndirdiyinə görə əvvəllər bir neçə dəfə Azərbaycandan üzr istəyib. Lakin təcrübə göstərir ki, belələri sadəcə üzr istəməklə heç cürə islah olunmur. Erməni lobbisinin əlində oyuncağa çevrilmiş Solovyov mütləq məhkəmə kürsüsünə çıxarılmalıdır ki, bu, Azərbaycan və Rusiyanın normal qonşuluq münasibətlərinə zərbə vurmağa çalışan digər ermənipərəstlərə də dərs olsun. Rusiya mediasının Solovyov kimi parazitlərdən təmizlənmək vaxtı gəlib çatıb.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri