AHK sədri xalqımızı təbrik etdi

Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

AHK-nin mətbuat xidməti xəbər verir ki, təbrikdə deyilir:

“Əziz soydaşlar!
Sizi xalqımızın və bütün dünya müsəlmanlarının həmrəylik, birlik və bərabərlik, mənəvi duruluq rəmzi olan Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, bu mübarək günlərdə hər birinizə ən səmimi arzu və diləklərimi çatdırıram.

Milli-mənəvi dəyərlərin, islami ənənələrin qorunduğu ölkəmizdə əsrlərdir qeyd olunan Ramazan bayramı bütün müsəlmanlar kimi bizə də ən ülvi xüsusiyyətləri aşılayır. Bir ay boyunca oruc tutmaq bizə iradəli olmağı, səbrli davranmağı, nəfsimizlə mübarizə aparmağı, digər insanların qayğısına qalmağı, mərhəmət, xeyirxahlıq və bölüşmək kimi uca keyfiyyətləri inkişaf etdirməyi, savab qazanmağı təlqin edir. Orucluq bizi insanlığın zirvəsinə qaldırır. Bu mənada oruc tutmaq Uca Yaradanın biz bəndələrinə böyük lütfüdür. Ona görə də Ramazan ayının 11 ayın Sultanı sayılması heç də təsadüfi deyil.

Xeyirxahlığın və qayğıkeşliyin, birlik və həmrəyliyin, humanizm və mərhəmət duyğularının rəmzinə çevrilən Ramazan bayramında dünyadan köçənlərimizi yad etmək, valideynlərimizi sevindirmək, qohum-əqrəbaya baş çəkmək, kimsəsizlərə və ehtiyacı olanlara şəfqət göstərmək hər birimizi ulu ənənələrimizə daha da sıx bağlayır və toplum olaraq ruhumuzu diri saxlayır, mənəvi gücümüzü artırır. Bu bayram günlərində cəmiyyətimizə başqa bir ovqat hakim kəsilir, insanlarımız arasında birlik və bərabərliyin daha da gücləndiyini müşahidə edirik. Bu da Ramazan ayının bir başqa gözəlliyidir.

Mənəvi saflığı, ucalığı təbliğ edən Ramazan bayramı artıq dörd ildir ki, işğaldan azad edilmiş torpaqlarımızda – Qarabağda və Şərqi Zəngəzurda da qeyd olunur, mədəniyyət paytaxtımız olan Şuşada hər il bayram namazı qılınır. Ali Baş Komandanımız İlham Əliyevin müzəffər sərkərdəliyi, ordumuzun rəşadəti, qazilərimizin qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı bahasına Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsi bundan sonra ölkəmizin hər bir guşəsində ümumxalq bayramlarımızı birlikdə və qürur hissilə qeyd etməyə imkan verəcək. Bütün şəhər və kəndlərimizdən bayram namazının əzan səsləri ucalacaq. Biz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının ölməz xatirəsini hər zaman olduğu kimi bu mübarək bayram günlərində də dərin ehtiram və minnətdarlıq hissilə yad edirik. Ruhları şad olsun!

Dəyərli həmvətənlər, vəhdət və savab ayı olan, mənəvi həmrəyliyimizi təcəssüm etdirən müqəddəs Ramazan ayının sonunda, bu əziz bayram günlərində bir daha sizin hər birinizi bayram münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, bayram günlərində evləriniz daha da işıqlansın, firavanlıq və bol ruzi-bərəkət nəsibiniz olsun. Allah tutduğunuz orucları, qıldığınız namazları, etdiyiniz duaları, verdiyiniz fitr-zəkatları qəbul eyləsin. Bayramınız mübarək olsun! Birlik və həmrəyliyimiz heç vaxt sarsılmasın! Müstəqil Azərbaycanımız qoy həmişə bayram sevinci yaşasın!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri”