Tiflisdə inqilab hazırlanır, döyüşçülər gətirilir

Tiflisdə “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı keçirilən mitinqlərin təşkilatçıları Ukraynada döyüşən gürcü könüllülərlə birlikdə təxribatlar hazırlayır.

Zafer Tv xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Gürcüstan parlamentinin yaxınlığında keçirilən mitinqlərdə xaricdən maliyyələşdirilən bəzi insanlar təxribatlar təşkil etməyə çalışırlar. Bu cinayət planlarında xaricdə olan Gürcüstan vətəndaşları, xüsusən də Ukraynada döyüşən gürcülərin müəyyən hissəsi iştirak edir”, – məlumatda qeyd olunub.

Bildirilib ki, xarici təlimatçılar hüquq-mühafizə orqanlarına qarşı təxribatlar törətmək və ölkədə xaos yaratmaq məqsədilə mitinq iştirakçılarına təlim keçir:

“Etirazçılar nəqliyyat qovşaqlarını iflic etmək və inzibati binaları ələ keçirmək niyyətindədirlər. Aksiyaların təşkilatçıları xaricdən kriptovalyuta şəklində pul alırlar. Onlar bunu xaricdən maliyyə vəsaitlərini gizlətmək üçün edirlər”.

Xidmətin məlumatına görə, Tiflisdə etirazçılar “rəngli inqilab” üsullarından istifadə edirlər və məqsədləri hakimiyyəti güc yolu ilə ələ keçirməkdir.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti aksiya iştirakçılarını təxribatlara uymamağa çağırıb, həmçinin aksiyaların təşkilatçılarına xəbərdarlıq edib ki, qanun pozuntusu baş verərsə, asayiş keşikçilərinin reaksiyası sərt olacaq.\\axar.az\\