Bu quldur ölkənin rəsmi terror siyasəti cavabsız qalmamalıdır- Partiya sədri

Daha üç nəfər soydaşımızın erməni vəhşiliyinin qurbanı olması xəbəri hamımızı sarsıtdı.

4 iyun 2021-ci il tarixdə, saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Bu hadisə terrorçu Ermənistanın mülki azərbaycanlılara qarşı yürütdüyü qəddar və amansız siyasətin daha bir əyani nümunəsidir. Biz Ermənistanın mina xəritələrini gizlədərək mülki insanlarımızı hədəfə alan terrorçu davranışlarını qəti şəkildə pisləyir və BMT-ni, ATƏT-i, eləcə də həmsədr ölkələri Ermənistan hakimiyyətindən destruktiv siyasətə son qoymağı tələb etməyə çağırırıq. Bu quldur ölkənin rəsmi terror siyasəti cavabsız qalmamalıdır. Dünya birliyi Ermənistan adlı quldur dövləti dayandırmalıdır!

Milli Həmrəylik Partiyası (MHP) olaraq həm media camiəsinə, həm də faciəli şəkildə həlak olan, şəhidlik zirvəsinə ucalan bu soydaşlarımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin.

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri