Göyçayda şəhidimizin adına bulaq tikildi – Foto

Göyçay rayonunun Birinci Ərəbcəbirli kənd sakini, Vətən müharibəsi şəhidi Həsən Bayramovun əziz xatirəsinə tikilən bulağın açılışı olub.

Açılışda rayon rəhbərliyi, şəhidin qohumları, döyüş yoldaşları, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid H.Bayramov orta məktəb təhsilini bitirdikdən sonra Göyçay Peşə Liseyinə daxil olub. O, bu il həmin liseyin məzunu olduğundan onun adına olan məzun diplomu ailəsinə təhvil verilib.

Çıxışlar zamanı qeyd edilib ki, Həsən Ağaisa oğlu Bayramov 22 iyun 2001-ci ildə Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində anadan olub. O, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq II Qarabağ müharibəsinə qatılıb. Döyüşçümüz Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

13 dekabr 2020-ci ildə Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.

Xatırladaq ki, şəhidin doğulub boya-başa çatdığı küçə də onun adını daşıyır. /axar.az/