Rusiyadakı soydaşlarımız Azərbaycana qayıtmağa məcbur olacaq

“Rusiyadan daxil olan vəsaitlər Azərbaycan iqtisadiyyatında kifayət qədər rol oynayan faktordur. Bu ölkədən Azərbaycana vəsait daxil olması öz maksimal hədlərini 2011-2013-cü illərdə görüb”.

Bu barədə Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, o zaman ölkəyə 3.5-4 milyarda (il ərzində) yaxın vəsait daxil olurdu:

“Sonradan kəskin azalmalar oldu. Pandemiya dövründə də azalma olmuşdu. 2019-cu ildə ölkəyə 1 milyard vəsait daxil olmuşdu, ancaq pandemiya müşahidə edilən 2020-ci ildə bundan da az vəsaitlər gəldi. Yəni bu obyektiv səbəb idi. Bütün dünyada olduğu kimi Rusiyada da hər yer qapanmışdı”.

Ekspert bildirib ki, hazırkı situasiya tamamilə fərqlidir:

“Söhbət tək Rusiyanın iqtisadi çətinlikləri və ya rublun dəyərdən düşməsindən getmir. Söhbət kütləvi işsizlikdən gedir. Yəni bu gün Rusiyadakı şirkətlərin yaratdığı iş gücünə baxdıqda, təqribən 4.5 milyon insan işsiz qalacaq, amma dolayı yolla o şirkətlərlə işləyənləri də saysaq, 11 milyona yaxın insanın işsiz qalması ehtimalı var. Bu da Rusiyanın özündə işsizlik problemi yaradacaq”.

“Azərbaycanlıların Rusiyada çalışdığı sahələr xidmət və ticarət sahəsi idi. Həmin sahələrin işlək olması üçün əhalinin alıcılıq qabiliyyətinin yüksək olması vacibdir.

İnsanlar pul qazanmalıdırlar ki, xidmətlərdən istifadə edə bilsinlər, restorana, kafeyə getsinlər, yaxud ticarət obyektində alış-veriş etsinlər. Alıcılıq qabiliyyəti azaldıqca onsuz da soydaşlarımızın orada gəlirləri azalacaq. Hətta, rublla gəlir əldə etsələr belə, onu dollara çevirmək mümkün olmayacaq. Bu gecə Rusiya Mərkəzi Bankı tərəfindən fiziki şəxslərə dollar satışı ümumiyyətlə, qadağan edildi. Bunların hamısı onu deməyə əsas verir ki, Rusiyadan Azərbaycana gələn vəsait kəskin azalacaq. Bir müddətdən sonra Rusiyada yaşayan soydaşlarımızın artıq başqa yerlərə köçmək, o cümlədən Azərbaycana qayıtmaq kimi seçimləri mütləq yaranacaq”, – deyə N.Cəfərli bildirib.