Bakıda şirkət rəhbərinə qarşı 88 min manatlıq dələduzluq edən şəxsə şərti cəza verilib

Bakıda dələduzluqda təqsirləndirilən Nicat Əlizadəyə hökm oxunub və ona şərti cəza verilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılıb.

İttihamə əsasən, N.Əlizadə “Asena” MMC-nin müdiri vəzifəsində işləyən tanışı Sevda Nəcəfovanın etibarından sui-istifadə edib.

Belə ki, o, şirkətin vergi borcunu İT (informasiya texnologiyaları) yolu ilə təsdiqləyəcəyinə dair MMC rəhbərinə yalan vəd verərək onu inandırıb. Bu yollla N.Əlizadə S.Nəcəfovanın ümumilikdə 88 000 manat pulunu dələduzluq yolu ələ keçirib.

Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hazırda zərərçəkmişə dəymiş maddi ziyandan 41 000 manat pulu ödəyib: “Qalan pulu da qısa müddət ərzində ödəyəcəm”.