“Həddinizi aşmayın!” – oğulları Qarabağda məhv olmuş erməni valideynlərə belə deyildi

“Bizi hədələdilər. Əvvəlki görüşlərdən fərqli olaraq, bu dəfə tam etinasızlıq, qəzəb və nifrəti hiss etdik”.

Ötən aydan bəri Qarabağda qardaşını və qardaşı oğlunu axtaran Arsen Kazaryanın deiyinə görə, onlardan hələ də xəbər yoxdur.

“Onları Ermənistan Müdafiə Nazirliyi hərbi xidmətə çağıraraq Qarabağa, döyüşlərə yollamışdı. Bir aydır ki, xəbər yoxdur, itkin düşüblər. Müdafiə Nazirliyinin, çağırış məntəqəsinin, qardaşımla qardaşım oğlunun ilkin xidmət yeri olmuş hərbi hissənin qarşısında dəfələrlə aksiya keçirmişik. Toplaşmışıq, itkin düşənlərlə bağlı ən kiçik məlumat da olsa, tələb etmişik, yalvarmışıq. Bizi eşidən yoxdur”, – A.Kazaryan deyib.

Onun sözlərinə görə, övladları 44 günlük İkinci Qarabağ Müharibəsində həlak olmuş valideynlərlə son görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan çox qəzəbli olub: “Bizimlə ultimativ tonda danışdı. “Qırmızı xətti keçməyin, həddinizi aşmayın! Əks təqdirdə cinayət məsuliyyətinə cəlb olunacaqsınız” söylədi”.

A.Kazaryanın dediyinə görə, məhz Paşinyan hakimiyyətinin yürütdüyü siyasət nəticəsində son vaxtlarda Qarabağdakı meşələrdə 30 erməni diversant öldürülüb.

Bu gün Ermənistan Müdafiə Nazirliyinin önünə toplaşaraq aksiya keçirən, həlak olan və itkin düşən övladları barədə məlumat tələb edən valideynlərin biri – Manvel Tovmasyan deyib: “Uşaqlarımız vuruşdular, həlak oldular, itkin düşdülər, burada isə zabitlərə mükafatlar, rütbələr, pullar verilir.

Böyük oğlum itkin düşüb, ondan bir yaş kiçik oğlan kiçik oğlum isə oktyabrın 15-də itkin düşüb. Kiçik oğlum hətta hərbi and da içməmişdi. Çağıran kimi yolladılar Qarabağa. Halbuki heç avtomatla davranmağı da bilmirdi.

İndi elə vəziyyətdəyik ki, övladlarımızı istənilən vəziyyətdə, istənilən halda istəyirik. Təki nəşləri də olsa, qaytarsınlar, versinlər bizə. Cəsədlərinin qalıqları olsa belə… Hakimiyyət isə susur. Suallarıma kim cavab verəcək?!”

Milli.az