Strateji əhəmiyyət daşıyan nailiyyət

Mayın 28-də – Müstəqillik Günündə Azərbaycan Prezidenti İlham Əliyev Laçına ilk 20 ailənin məskunlaşması xəbərini verdi. 30 ildən çoxdur gözlədiyimiz zaman gəlib. Artıq öz torpaqlarından didərgin düşən, məcburi köçkün həyatı yaşayan vətəndaşlarımız doğma torpaqlarına qayıdırlar.

May ayının 27 və 28-də Prezident İlham Əliyevin Laçına səfəri, orada doğma yurd-yuvasına qayıdan sakinlərlə görüşü, sadə insanların yanında olması bir daha onun Azərbaycanın güclü lideri olmasının sübutudur. Bu baxımdan, dövlətimizin başçısının rayonlarda çoxsaylı təməlqoyma mərasimləri və açılışlarda iştirakı, xüsusilə ilk 20 ailənin Laçında məskunlaşması müstəqillik günündə onun xalqımıza hədiyyəsidir. Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər möhkəm olmasını bir daha göstərir.

Biz Laçında Prezident İlham Əliyevin açılışını etdiyi məkanları gördükcə əslində, 7-8 aya nə qədər böyük işlərin görüldüyünü anladıq. Göründüyü kimi, 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcəklər. Prezident çıxışında bildirdi ki, birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşacaq.

Artıq Laçın şəhərinin Baş planı hazırlanıb. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq.

Prezident İlham Əliyev laçınlılarla görüşündə onu da bildirdi ki, mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub. Azərbaycan isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünləri öz doğma yurdlarına qaytarıb. Cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək. Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu.

Bu ərazilərdə sözsüz ki, vətəndaşlarımızın təhlükəsizliyi məsələsi də düşünülüb. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin qurulması Laçında yaşayan əhalinin təhlükəsizliyi baxımdan olduqca önəmlidir. Prezident bu barədə dedi ki, sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır.

Həmçinin Prezident İlham Əliyev Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin həmçinin Xosrov bəy Sultanov, Zəngəzur, Bir Dekabr küçələrində lövhələrin açılış mərasimində iştirak etdi, dağıntıların nümayiş etdiriləcəyi memorial parkdan ibarət İşğal və Zəfər Muzeyinin təməlini qoydu.

Laçında İşğal və Zəfər Muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətinin və ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, Azərbaycanın haqq səsini bütün dünyaya çatdıracaqdır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq.
Sözsüz ki, Azərbaycanın inkişafı və bugünkü səviyyəyə çatmasının kökündə Ulu öndər Heydər Əliyevin siyasəti, vaxtında verdiyi qərarlar dayanır. Bu barədə çıxışında ölkə başçısı da danışdı. Bildirdi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu.

Prezident çıxışı zamanı bildirdi ki, danışıqlar aparılan müddətdə iqtisadiyyatımızı gücləndirdik və bu gün heç kimdən asılı deyilik:“Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır. Güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub”.

Cənab prezidentimizin də qeyd etdiyi kimi, “Bu gün nə müstəqillikdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq”.

Fuad Salahov
Qarabağ Müharibəsi Əlilləri, Veteranları ve Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri