ABŞ və İsrail arasında nüvə zəngi, İrandan radikal xəbərdarlıq – gərginlik artır

Amerika və İsrailin milli təhlükəsizlik müşavirləri İranın nüvə razılaşmasını müzakirə ediblər, Tel-Əviv anlaşmaya qarşıdır, Tehran isə “sanksiyalar ləğv edilməsə, nüvə fəaliyyətini sürətləndirəcəyik” deyir; – ekspertlərin proqnozu…

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla onun İsraildən olan həmkarı Meir Ben Şabat arasında telefon danışığı baş tutub.

Zafer Tv Yeni Müsavat-a istinadən xəbər verir ki, tərəflər İran nüvə razılaşması ilə bağlı müzakirələr aparıblar. Müzakirədə hər iki ölkənin Müdafiə Nazirliyinin yüksək vəzifəli məmurları da iştirak edib.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə çıxış edib ki, ABŞ Tehrana tətbiq etdiyi sanksiyaları ləğv etməsə, nüvə fəaliyyətimizi sürətləndirəcəyik.

Zərif ABŞ-ın yeni rəhbərliyinin Donald Trampın uğursuzluqlarından dərs çıxarmalı olduğunu qeyd edib.

İranın qonşuları ilə yaxşı münasibətlərdən yana olduğunu deyən Zərif bölgə ölkələrinin kənar dövlətlərə güvənmək əvəzinə bir-birinə etibar etməsinin gərəkli olduğunu vurğulayıb.

Zərif Almaniya, Fransa və Britaniyanı da tənqid edib. O, üç ölkənin yaydığı bəyanatda yalnız İranı nüvə razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirməyə səsləməsinin doğru olmadığını bildirib: “Bizim avropalı tərəfdaşlarımız razılaşmanın 36-cı bəndini və İranın onun əsasında yazdığı məktubları oxuyublarmı?

ABŞ-ın razılaşmadan çıxdığı və razılaşmanı pozmağa davam etdiyi xeyli vaxtdan sonra vəziyyəti düzəltmək üçün tədbirlərin görülməsi hansı məntiqlə İranın üzərinə düşür? Avroüçlük öz öhdəliklərinin icrası üçün nə edib?”

Almaniya, Fransa və Britaniya bundan öncə İranın uran hasilatını artırmasıyla bağlı narahatlığını ifadə edən bəyanat yayıb.

Göründüyü kimi, ABŞ-ın yeni prezidenti Cozef Bayden administrasiyası dövründə İranla əlaqələrin yumşalacağı gözlənsə də, hələlik tərəflər “iki ayağını bir başmağa dirəyib”. Hətta Tehran daha sərt mövqedədir – nüvə fəaliyyətimizi sürətləndirəcəyik… Bu halda Vaşinqton-Tehran danışıqlarının konstruktiv alınacağına ümidlər azalır.

Eyni zamanda İsrailin də İranı geri çəkilməyə məcbur edəcəyi inandırıcı görünmür. Əksinə, İsrail-İran cəbhəsində gərginlik davam edir. Fevralın 11-də İsrail təyyarələrinin İraq-Suriya sərhədindəki İran hədəflərini bombaladığı bildirilib.

İsrail Müdafiə Qüvvələri (IDF) Baş Qərargah rəisi general-leytenant Aviv Koçavi yanvarın 26-da İraq-Suriya sərhədindəki inkişaflara eyham vurub. Milli Strateji Araşdırmalar İnstitutunda çıxış edən Koçavi İran qüvvələrinin sərhədin İraq tərəfində cəmləşdiyini, bölgənin qərb istiqamətində Suriyaya, oradan da Livanın “Hizbullah” təşkilatına silah nəqli üçün cəbhəxana açdığını bildirib.

Bundan əlavə, İsrail mediası olan “Jewish Chronicle” yazıb ki, ötən ilin noyabrında Tehran yaxınlığında güllələnən iranlı nüvə alimi Möhsün Fəxrizadə “Mossad”ın ölkəyə hissə-hissə, qaçaqmalçılıq yolu ilə gətirdiyi 1 tonluq avtomatik silahla öldürülüb. Tehran rejimi gizli şəkildə yüksək səviyyəli alim Möhsün Fəxrizadəyə əvəz tapmanın 6 il çəkəcəyini təxmin edib.

İsrail analitikləri bu qətldən sonra İranın atom bombası əldə etməsinin təxminən 3 ay yarımdan 2 ilə qədər uzanacağı qənaətinə gəliblər.

Yüksək səviyyəli kəşfiyyat xadimləri isə bu müddəti 5 ilə qədər uzadırlar. Fəxrizadənin ölümündən bəri onun qatilləri ilə bağlı fərziyyələr artmaqdadır, heç bir kəşfiyyat xidməti qətlə görə məsuliyyəti boynuna götürməyib. Qətlin şərtləri də sirlə örtülüb və yayılan xəbərlərdə 62 nəfərlik silahlı qrup günahlandırılır.

ABŞ-İsrail-İran arasında sular nəinki durulmur, “nüvə müharibəsi” Bayden dövründə də çətin ki, səngisin.

Təhlilçilərin sözlərinə görə, Vaşinqton-Tehran əlaqələrində müəyyən yumşalmalar müşahidə oluna bilər, lakin böyük açılım gözlənilmir. Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyevin “Yeni Müsavat”a dediyinə görə, Demokrat Partiyası Respublikaçılardan daha yumşaq olur:

“Ümid edə bilərik ki, 5+1 razılaşmasına gedilə bilər. Amma Obama dövrü qədər yumşalma gözləmirəm. Əmin şəkildə demək olmaz ki, Bayden Obama kimi geriyə addım atacaq. Üstəlik, Bayden bəyan etdi ki, ABŞ geri qayıdır, diplomatiyası masada olacaq. Ona görə İranla münasibətlər nə Tramp administrasiyası qədər sərt, nə Obama dövrü qədər yumşaq olacaq”.

Siyasi təhlilçi Ramiyə Məmmədovanın fikrincə, ABŞ və İsrailin İranı ram etmək cəhdləri perspektivsiz görünür:

“Tehran sıxışdırıldıqca aqressivləşir və radikal xətt götürür. Bu şəkildə onları sakitləşdirmək mümkün olmayacaq. Amerika sanksiyaları qismən yumşaltmalıdır. O halda Tehran nüvə fəaliyyətini nisbətən azalda bilər. Zərifin mövqeyindən də görünür ki, İran qətiyyən geri addımlamaq istəmir. Çünki ABŞ kompromis təklif etmir”.

Ekspertin sözlərinə görə, Bayden dövrü Obama zamanından ciddi fərqlənməyəcək: “Hər iki tərəf addım atmalıdır. İsrail də bu məsələdə barışdırıcı rol oynamır. Ancaq burada bir məsələ var. İsrail Hərbi Kəşfiyyat İdarəsinin tərtib etdiyi hesabata görə, Tehranın nüvə sıçrayışı qabiliyyəti ən azı 2 ildir. Kəşfiyyat şefi general-mayor Tamir Hayman deyir ki, uranın 90 faizlik səviyyəyə qədər zənginləşdirilməsinə qərar verdiyi andan, İranın atom bombasına çatması üçün 2 il lazımdır.

İsrailin fikri sadədir: 2015-ci ildə imzalanan nüvə sazişinə geri dönməyə ehtiyac yoxdur. O, İranın 2025-ci ildən sonra nüvə dövlətinə çevrilməsini təmin edən bu müqaviləni pis hesab edir.

İsrail, Bayden rəhbərliyinə İrana qarşı sanksiyaları ləğv etməkdən çəkinmək, əvəzinə, İranın ballistik raket imkanlarını məhdudlaşdıracaq yeni, 25 illik müqavilə bağlamaq üçün təzyiqlər göstərir. Ona görə də bu dövlətlərin münasibətlərinin yaxşılaşacağına az ümiv bəsləmək olar”.

Ekspert güman edir ki, Bayden Trampa nisbətən İrana münasibətdə sərt kurs götürməyə bilər, amma İsrail ABŞ-İran münasibətlərinin normallaşmasından ehtiyat edir.

Çünki iki ölkə münasibətlərinin normallaşması rəsmi Vaşinqtonun İrana tətbiq etdiyi iqtisadi sanksiyaları yumşaltması deməkdir. İsrail tərəfi barışa bilməz.