Bakıdan GÖZLƏNİLMƏZ ADDIM – Azərbaycan Paşinyanı “xilas” edə bilər

Xəbər verdiyimiz kimi, Ermənistan Baş Naziri Nikol Paşinyan gərginliyin yaşandığı Geğarkunik bölgəsinə gələrək əhali ilə görüşüb. Bir yandan müxalifətin ittihamları, digər yandan cəbhədə təxribat törətmək istəyən erməni diversiya qruplarının Azərbaycan tərəfindən əsir götürülmələri Paşinyanı seçki öncəsi çətin vəziyyətlə üzləşdirib.

Zafer Tv xəbər verir ki, bu barədə Metbuat.aza açıqlama verən politoloq Elman Vəliyev deyir ki, Azərbaycana qarşı təxribatlar məqsədyönlü formada həyata keçirilir. Yəni ermənilər yenidən işğal proseslərinə fokuslanmayıblar, sadəcə plana əsasən belə arada propaqandalar hazırlayırlar.

“Baş verənlər, hərbi deyil siyasi xarakter daşıyır. Kiçik qruplarla belə təxribatlar, əlbəttə, işğal məqsədi daşımır yalnız seçki qabağı oynanılan oyunlardır. Belə sitüasiyanın Paşinyanı çətin vəziyyətdə qoyduğunu gördükdə bunun məqsədyönlü olduğu aydın olur.Əgər biz Qarabağ klanının bu təxribatlarda əllərinin olduğunu desək, yanılmarıq. Bu klanın məqsədi Ermənistanın düçar olduğu bu çətin vəziyyətdən çıxartmaq deyildir, sadəcə hakimiyyəti ələ almağa cəhd edirlər. Bunun üçün həm cəbhədə, həm də mərkəzdə təxribatlar törədirlər”.

Politoloq diqqəti Paşinyanın Təhlükəsizlik şurası ilə olan iclasına yönəldərək bildirdi ki, onun irəli sürdüyü təkliflərdən biri də Azərbaycan tərəfi ilə yeni sülh planının təqdim edilməsi təklifi ilə bağlı olub. Yəni gərginlik olan yerlərə təkcə Rusiyanın deyil, Fransa və ya ABŞ-ın(Minsk qrupunun həmsədrləri) da müşahidəçiləri yer alsın..

“Paşinyan vəziyyətin çətin olduğunu görür. Qərbin dəstəyinə ehtiyacı var. Fikirləşir ki, digər müşahidəçilər də yer alsa, almasa belə bu kimi fikirlər səsləndirmək ona az da olsa üstünlük qazandıra bilər. Əgər seçim xalqın ixtiyarına qalsa, Paşinyanı seçərlər. Ancaq burada həm Rusiyanın, həm də Qərb və ABŞ-ın maraqları toqquşur.

Ona görə də Paşinyan seçki qabağı Rusiyanın dəstəyini qazanmağa çalışır. Əslində Paşinyan da Rusiyaya da sərf edir. Rusiyanın çoxdan həyata keçirmək istədiyi “sülhməramlılar” planı Paşinyanın hakimiyyəti dövrünə düşdü. Amma Rusiya tərəfinin Paşinyanın digər müşahidəçilər təklifinə izin verəcəyini zənn etmirəm. Digər tərəfdən isə hökumətin Qafan və Mehridəki torpaq sahələrinin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FSB) Sərhəd qoşunlarına pulsuz istifadə üçün verilməsi bildirilir. Mən düşünmürəm ki, Rusiya bu qədər irəli getdikdən sonra Fransa və yaxud ABŞ müşahidəçisini bölgəyə gəlişinə icazə versin”.

Siyasi şərhçi qeyd etdi ki, Azərbaycan tərəfinin saxladığı 6 nəfər erməni divesantlarının geri qaytarılması Paşinyan üçün üstünlük qazandıra bilər.

Münaqişə tərəfləri arasında yenidən danışıqlar olacaq. Çox güman, Ermənistan tərəfi bu əsirləri geri qaytarılmasını istəyəcək, həmçinin Rusiya tərəfi də buna çalışacaq. Ola bilsin ki, Azərbaycan tərəfi buna razı olsun, amma şərtlərinin yerinə yetirilməsi müqabilində.