Sabahdan MƏSCİDLƏR və “Mall”lar açılır

Sabahdan dini ibadət yerlərinin fəaliyyətinə icazə verilir.

Zafer Tv xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 26-da qərar qəbul edib.

Qərara əsasən, iyunun 10-u saat 00.00-dan etibarən dini ibadət yerlərinin fəaliyyətinə eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla icazə verilir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı qaydalara əsasən, yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir. Azyaşlı (14 yaşdan yuxarı olmayan) uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilmir. İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədilə COVID-19 xəstəliyinin əlamətlərini hiss edən şəxslər məscidə və digər ibadət yerlərinə buraxılmır.

Sabahdan etibarən iri ticarət mərkəzləri, “Mall”lar açılır.

10 iyun saat 00:00-dan iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti bərpa edilir.

Qeyd edək ki, Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərar verib.

Xatırladaq ki, “Mall”ların fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.