Ermənistan adlı BƏDBƏXT ölkəni növbəti siyasi “ZƏLZƏLƏ” gözləyir

Qonşularımız kimləri seçir?

İranın yeni prezidentinin kim olduğunu bildik. Qarşıdakı 4 il ərzində bu qonşu ölkəni İbrahim Rəisi idarə edəcək. Zatən onun prezident seçiləcəyi onsuz da əvvəlcədən bəlli idi. Çünki İranın ali dini rəhbəri ayətullah Xamneyi də məhz onun prezident seçilməsini istəyirdi. Artıq hazırkı prezident Həsən Ruhani də 13-cü prezidenti seçkilərdə qalib gəlməsi münasibəti ilə təbrik edib.

Sabah isə ermənibaşının kimliyi bəlli olacaq. Ya Paşinyan, yadaki Köçəryan Ermənistanın baş naziri seçiləcək. Amma onların heç biri səslərin mütləq əksəriyyətini qazanmaya da bilər. Çünki Rusiyanın da məqsədi budur ki, sabahkı seçkilərdə ya Köçəryan tam qələbə qazanmalıdır, yadaki Paşinyanla Köçəryan koalisyon hökumət yaratmalıdır. Bu isə Kremlə Paşinyanı nəzarətdə saxlamağa və Ermənistanı Rusiyapərəst siyasət yürütməyə yönləndirməyə imkan verəcək.

Hərçənd ki, Köçəryanın Paşinyanla ortaq hökumət qurmağa razılıq verəcəyi elə də inandırıcı görünmür. Çünki Köçəryan Nikola nifrət edir və seçkilərdə qalib gələcəyi təqdirdə Nikoldan intiqam alacağı şəksizdir.
Dünən “Gellap”ın açıqladığı sorğu nəticələrinə görə Köçəryanın qalib gəlmək şansı çoxdur. Köçəryan seçicilərin rəy sorğusuna əsasən Paşinyanı üstələyir.

Bu gün Ermənistanda sanki ölüm sükutu hökm sürür. Sabah isə həm Paşinyan, həm də Köçəryanı adamların səsvermənin nəticələrini saxtalaşdırmaq üçün müxtəlif vasitələrə əl atacaqlar. Birisi gün İrəvanın küçələrində qan tökülə bilər. Çünki tərəflərin heç birisi digərinin qələbəsi ilə razılaşmayacaq.

Bir sözlə, qarşıda Ermənistan adlı bədbəxt ölkəni növbəti siyasi “zəlzələ” gözləyir.

Bəs qonşulardakı bu seçkilər bizə nələr vəd edir? Bu seçkilərdə kimlərin qalib gəlməsindən asılı olmayaraq onsuz da onların bizə qarşı münasibətində heç nə dəyişməyəcək. İran da, Ermənistan da ənənəvi siyasətini yürütməyə davam edəcək. Ancaq çox istərdik ki, hər iki ölkənin rəhbərləri qonşularına münasibətdə rasional və sağlam təfəkkürə əsaslanan siyasət yürütsünlər.

Bəybala Mirzəyev