Araik Arutyunyan faktiki olaraq Nikol Paşinyana qarşı müharibə elan edib

Nikol Paşinyanın onlayn formatda keçirdiyi mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər və Ermənistan ictimaiyyətinə verdiyi birbaşa mesajlar onun yeni reallıqlarla barışdığını və düzgün mövqe tutmağa başladığını göstərir. Baş nazirin beynəlxalq hüquq normalarına əsasən, Qarabağın Azərbaycana aid olduğunu təsdiqləyən arqumentlər səsləndirməsi, Qarabağın Azərbaycanın tərkibindən kənarda mövcudluğu üçün hər hansı nəzəri və praktiki şansın qalmadığını bildirməsi proseslərə yeni yanaşmadan xəbər verir. Bu o deməkdir ki, Paşinyan ermənilərin Qarabağın statusu ilə bağlı sonuncu ümidlərini də qırdı və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu nümayiş etdirdi.

Bütün bunlar Paşinyanın yeni reallıqları qəbul etdiyini göstərir və həm Ermənistanın özündə, həm də Xankəndidə tamamilə yeni situasiya yaradır. Təsadüfi deyill ki, Ermənistan baş nazirinin bu son açıqlamalarından sonra Xankəndidəki separatçıların “lider”i Araik Arutyunyan faktiki olaraq Nikol Paşinyana qarşı müharibə elan edib. Hazırda Qarabağ bölgəmizin dağlıq hissəsində, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında demək olar ki, hamı – istər separatçılar, istərsə də mülki ermənilər Paşinyanın əleyhinə köklənib. Bu da Arayik Arutyunyanın son günlərdə intensiv şəkildə apardığı anti-Paşinyan təbliğatının nəticəsidir.

Paşinyan – Arutyunyan qarşıdurmasının pik həddə çatması müəyyən mənada Azərbaycanın maraqlarına uyğundur. Rəsmi İrəvanın dəstəyindən məhrum vəziyyətə düşmüş Qarabağ separatçılarını daha yumşaq üsullarla neytrallaşdırmaq və Xankəndidə Azərbaycanın suverenliyini bərpa etmək üçün əlverişli imkanlar yaranır. Separatizmin qalıqlarını sıradan çıxarmaq, Azərbaycan ilə Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına və digər məsələlərin həllinə nail olmaq üçün indi daha münbit zəmin yetişir. Əgər Rusiya sülhməramlıları separatçılara himayəçillik etməsələr və 10 noyabr Bəyanatının şərtlərinin yerinə yetirilməsi prosesində Azərbaycanla eyni mövqedən çıxış etsələr, Qarabağda erməni separatizminə tezliklə son qoymaq mümkün olacaq. Bu mənada bu gün Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-formal sammiti çərçivəsində aparılacaq Əliyev-Paşinyan-Putin müzakirələrinin nəticələrin nəticələrindən də çox şey asılıdır. Azərbaycanın yaratdığı yeni geosiyasii reallıqlar bütün tərəfləri məsələlərin tənzimlənməsinə rasional yanaşmağı diktə edir.

Əllisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri