Əliyev-Paşinyan görüşü: Brüsseldə nələr gözlənilir? – ŞƏRH

Aprelin 6-da Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü keçiriləcək. Danışıqlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə baş tutacaq. Brüssel görüşünün gündəliyi hələlik məlum olmasa da, Bakı və İrəvandan sülh sazişinə dair müsbət mesajlar səsləndirilir.
Görüşdən gözləntilər barədə Modern.az-a danışan Milli Məclisin  Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu bunları vurğulayıb:
“Təbii ki, Azərbaycanın əsas gözləntisi yekun sülh sazişinin imzalanması ilə bağlıdır. Ötən dövrlərdə də hər zaman  Azərbaycan tərəfi iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasının aparılmasının vacibliyini səsləndirib. Rəsmi Bakı bu istiqamətdə addım atmağa hazır olduğunu nümayiş etdirib. Çünki dövlət sərhədləri dəqiqləşmədən  hər hansı bir sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Xatırlatmaq istəyirəm ki, ötən il dekabr ayının 14-də Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistan baş naziri arasında Brüsseldə baş tutan görüş zamanı da qarşı tərəf sərhədlərin delimitasiya və demarkasiyasına razı olduğunu bildirmişdi. Bununla əlaqədar işçi qrupunun  yaradılması istiqamətində  addımlar atacağını da qeyd etmişdi”.

Deputatın sözlərinə görə, ötən dövr ərzində Ermənistan tərəfindən bu istiqamətdə hər hansı ciddi addım atılmayıb:

“Həmçinin, müşahidələr göstərir ki, Ermənistan hər vasitə ilə özünün ağır məğlub durumunu qismən də olsa yumşaltmağa cəhd göstərir. Baş nazir Paşinyanın Fransaya səfəri zamanı məsələnin yenidən ATƏT-in Minsk qrupu platformasında müzakirəyə qaytarılmasının vacibliyini vurğulaması bir daha onu göstərir ki, Ermənistan kənardan dəstək almaqla ağır məğlub durumunu yüngülləşdirəcək elementlər qazanmağa çalışır”.

E.Mirbəşiroğlu bildirib ki, Azərbaycan həm hərbi, həm də diplomatiya sahəsində Ermənistandan qat-qat güclü olduğunu hər zaman nümayiş etdirməkdədir:
“Düşünürəm ki, aprel ayının 6-da Brüsseldə baş tutacaq görüş zamanı yenə də yekun sülh sazişinin imzalanmasını təmin edəcək şərtlərin yerinə yetirilməsi əsas müzakirə predmeti olacaq. Azərbaycanın aydın təklifləri mövcuddur. Sərhədlərin delimitasiya və demarkasiyası, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və ərazi iddialarından əl çəkməsi yekun sülh sazişi üçün olduqca önəmli məsələlərdir. Bu şərtlərə əməl edilməsi ilə bağlı müzakirələr aparılacaq. Növbəti mərhələdə də atılacaq addımlarla bağlı ola bilsin, fikir mübadiləsi olsun”.