Azərbaycan da TƏK deyil

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşaya gözlənilən ziyarəti həm qardaş ölkənin dövlətimizə və xalqımıza növbəti açıq dəstəyinin ifadəsidir, həm də Azərbaycanla güc dilində danışmaq istəyən, özünü hegemon kimi aparan Fransa kimi ölkələrə və onun yandaşlarına Türkiyənin “əzələ” nümayişidir. Ərdoğan bu səfəri ilə bir daha Türkiyənin Cənubi Qafqaz regionunda cərəyan edən proseslərdə həlledici gücə sahibi olduğunu nümayiş etdirir. Həmsədrlik meyarlarını ayaqlar altına ataraq özünü Ermənistanın himayəçisi kimi göstərən və işğalçı ölkənin yanında yer alan Fransaya isə başa salınır ki, Azərbaycan da tək deyil, Türkiyə istənilən məsələdə və hər zaman Azərbaycanın yanındadır.

Bu yaxınlarda Rusiyanın Birinci kanalında Vladimir Poznerin verilişinin qonağı olan Ermənistanın sabiq prezidenti Robert Köçəryan Türkiyənin regionda Ermənistan üçün bir nömrəli təhlükə mənbəyi olduğunu qeyd etmişdi. Halbuki, Köçəryanın bu sözləri Türkiyəyə yox, Ermənistanın özünə şamil edilməlidir. Hazırda özünü bölgədə quldur dövlət kimi, terror qurumu kimi aparan və vəziyyəti daim destabilizə etməkdə olan yeganə dövlət məhz Ermənistandır. Türkiyə isə tamamilə bunun əksinə siyasət yürüdən, bölgədə cərəyan edən proseslərdə sabitləşdirici faktor kimi çıxış edən dövlətdir. Və bu danılmaz həqiqəti Rusiya XİN-in rəhbəri Sergey Lavrov da bu günlərdə çıxışlarından birində etiraf etdi.

Odur ki, reallıqları bilərəkdən təhrif etmək, Ermənistanı və Fransanı ağ rəngdə, Türkiyəni isə qara planda təqdim etmək lazım deyil. Ermənistanı idarə edənlər və ya idarə etmək istəyənlər bu cür sərsəm mövqelərindən əl çəkməlidirlər. Hazırda Ermənistanı kimin qızışdırdığı gün kimi aydındır. Bölgədə marağı olan supergüclər Ermənistana havadarlıq etməyi davam etdirir və eyni zamanda da regionda kövrək sülh atmosferini pozmağa, münaqişəni yenidən alovlandırmağa çalışırlar. Onlar Paşinyandan alət kimi istifadə edərək bu dəfə “beynəlxalq müşahidəçilər” qismində yenidən bölgəyə qayıtmağı, Cənubi Qafqazdakı proseslərdə fəal rol almağı hədəfləyirlər. Azərbaycan-Ermənistan sərhədində ermənilər tərəfindən törədilən təxribatlar da, ötən gün Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin atəşə tutulması da məhz bu xain hədəflərin həyata keçirilməsinə xidmət edir. Lakin onlar hər zamankı kimi qarşılarında yenə də Türkiyəni görürlər.

Türkiyə həqiqətən də bölgədə sabitləşdirici, neytrallaşdırıcı güc missiyasını uğurla yerinə yetirərək Ermənistanın və onun havadarlarının revanşist, geosiyasi planlarının qarşısını alır. Bu mənada hörmətli Ərdoğanın qarşıdakı Şuşa səfəri quldur Ermənistana və onun havadarlarına da açıq mesaj kimi dəyərləndirilə bilər. Mesaj bundan ibarətdir ki, Azərbaycanın 44 günlük müharibədəki qələbəsini heç kim onun əlindən ala bilməz, müharibənin nəticələrini heç kim dəyişə bilməz. Eyni zamanda 10 noyabr razılaşmasının müddəaları tam şəkildə yerinə yetirilməlidir, bölgədə qalıcı sülh təmin edilməlidir və Türkiyə regionda sülhün möhkəmlənməsi üçün əlindən gələni edəcək. Postmüharibə dönəmində bölgədə Türkiyəsiz heç bir problemin effektli çözüm yolunun olmayacağını artıq hər kəs bilməlidir.

Ərdoğanın Şuşaya səfərinin planlaşdırılması həm də istər Ermənistana, istərsə də onun havadarlarına “Şuşadan gözünüzü çəkin, Şuşa Azərbaycanın və bütün Türk dünyasının mədəniyyət paytaxtıdır” ismarıcının verilməsidir. Şuşaya səfər etmək qardaş ölkənin liderinin təbii haqqıdır. 44 günlük müharibədə parlaq qələbəmizdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidentini Şuşaya dəvət etməsi bir qardaşlıq nümunəsidir. Artıq bu tarixi səfərin baş tutmasına sayılı günlər qalıb. Bu səfər onu göstərir ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olan qardaş Türkiyə bundan sonra da hər daim bizim yanımızda olacaq. İki ölkə arasında münasibətlər böyük öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin tarixi ifadələrindən güc alaraq inkişaf etməyə davam edəcək. Atatürk nə demişdi? Demişdi ki, “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimizdir”. Ümummilli Liderimiz Heydər Əliyev isə “Biz bir millət, iki dövlətik” ideyasını aktuallaşdırmaqla Azərbaycan ilə Türkiyənin qardaşlıq və əməkdaşlıq modelini cızmışdı. İndi də bu modeli İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan uğurla gerçəkləşdirməkdədir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri.