Bakı metrosundan istifadə edənlərə – MÜRACİƏT

Bakı Metropoliteninin sərnişinləri yeni qatarlarda havalandırma sisteminin işləməməsi ilə bağlı narazılıqlarını bildiriblər. 

Zafer Tv xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov AZXEBER.COM-a açıqlamasında məsələyə aydınlıq gətirib.

Bəxtiyar Məmmədov bildirib ki, sərnişinlər vaqonlarda hər hansı problemlə üzləşdikdə rabitə düyməsi vasitəsilə maşinistə məlumat versinlər:

“Mən özüm bunlara nəzarət edirəm, qatarlarda, vaqonlarda havalandırma sistemi daim işləyir. Hər hansı bir problem olduqda həmin qatar dərhal xəttdən çıxarılır, buraya havalandırma sistemi də daxildir. Sadəcə olaraq bir məsələ var, biz daim sərnişinlərin nəzərinə çatdırırıq ki, yerin altındakı temperaturla üstündəki fərqlidir, bu da qatarlarda hərarətə təsir edir. Üstəlik, qatarlar müntəzəm olaraq hərəkət edir və hər stansiyada dayanır, qapılar açılıb-bağlanır. Sərnişin sayı ilə, sıxlıqla əlaqədar sərnişinlər hərarəti isti və ya soyuq hiss edə bilərlər.

Belə olduğu halda sərnişinlər rabitə düyməsini basaraq maşinistə müraciət etsinlər ki, salonda hərarət mənim üçün artıqdır. Bu zaman operativ olaraq maşinist bunu tənzimləyəcək. Çünki oradakı sistemlər hamısı avtomatik tənzimlənir.

Qurumun sözcüsü deyib ki, bu kimi hallar olanda maşınistə məlumat verilməlidir:

“Məsələn, kompüterin beynində hərarət neçə dərəcədirsə, bu da həmin hərarətə uyğun işləyir. Sadəcə qapılar açılıb-bağlanır, sərnişinlər daxil olur, sərnişinlərdən xahişimiz odur ki, bu kimi və ya digər hallar olduqda dərhal maşinistə məlumat versinlər. Bəzi sərnişinlər bunu bilmir, bir daha nəzərə çatdırırıq ki, rabitə düyməsi məhz maşinistlə sərnişin arasında əlaqə yaratmaq üçündür”.