Prezident prosesləri xüsusi nəzarətində saxlayır – Deputat

“Hazırda Azərbaycan xalqı böyük qayıdış dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə böyük bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. İşğaldan azad olunduqdan sonra qısa müddətdə bu ərazilər minalardan təmizlənmiş, elektrik və su təchizatı yüksək səviyyədə həyata keçirilmiş, dəmir və avtomobil yollarının çəkilişinə başlanılmışdır”.

Bunu Modern.az-a Milli Məclisin işğaldan azad olunmuş Cəbrayıl və Qubadlı rayonlarını təmsil edən deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu ərazilərə davamlı səfərlər edərək, burada həyata keçirilən layihələrlə yaxından tanış olur, prosesi bilavasitə xüsusi diqqət və nəzarətində saxlayırlar.

“Prezident İlham Əliyev növbəti belə səfəri Ağdama etdi. O Ağdama səfər çərçivəsində bir sıra mühüm obyektlərin təməlini qoydu. Onlar arasında özünəməxsus yeri olan layihələrdən biri də bölgə əhalisi üçün yaşayış komplekslərinin inşasıdır. Bu cür layihələr işğaldan azad olunmuş ərazilərin sakinləri üçün xüsusi əhəmiyyət daşıyır. 30 il idi ki, insanlarımız səbirsizliklə bu günü gözləyirdilər. Nəhayət həmin gün yetişdi. Artıq yaxın vaxtlarda insanlarımız öz doğma yurdlarına köçəcək, bu yerlərdə həyat yenidən öz axarına qayıdacaq.
Burada önəmli məsələlərdən biri də yaşayış binalarının inşası ilə yanaşı yeni zavod və fabriklərin təməlinin qoyulmasıdır. Qarşıda duran mühüm məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə yeni iş yerlərinin yaradılmasıdır. Respublikanın müxtəlif bölgələrində məskunlaşan insanlarımız hazırda müxtəlif qurumlarda çalışırlar. Onların öz doğma yurdlarına qayıdan zaman işlə təmin olunması çox önəmlidir. Ona görə bütün işlər paralel aparılır”.

Deputat Prezident İlham Əliyevin səfər zamanı iş adamlarına çağırışını xüsusilə qeyd edib:

“Prezident dedi ki, iş adamları da quruculuq işlərində fəal olmalıdırlar. Qarabağa qayıdış, bu prosesin iştirakçısı və tərkib hissəsi olmaq həqiqətən çox qürurvericidir. Qarabağdan olan iş adamları bu prosesə töhfə verməyə hazırdırlar.
Prezident İlham Əliyevin siyasətinə önəmli yer tutan məsələlərdən biri də milli-mənəvi dəyərlərimizə diqqət və qayğıdır. Bərpa işlərinin tərkib hissəsi olan Ağdam Cümə məscidində yenidənqurma işləri sürətlə aparılır. Tezliklə bu məscid də bərpa olunaraq vətəndaşlarımızın istifadəsinə veriləcək.
Proseslərin təhlili göstərir ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq və abadlıq işləri çox sürətlə aparılır. Tezliklə insanlarımız öz doğma yurdlarına qayıdacaq, bu ərazilər dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək. Prezident İlham Əliyevin əsas hədəf və məqsədi də budur”.