Göstərilməyən xidmətə görə maaşımızdan niyə pul tuturlar? – Açıqlama

Aprel ayından Bakı şəhəri və Abşeron da daxil olmaqla bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiq olunacağına baxmayaq, artıq yanvar ayından bu ərazilərdə yaşayan vətəndaşların əməkhaqqından da tutulmalar olub.

Real TV-nin “Problem” verilişində bu mövzuya toxunulub. Verilişin qonağı olan sığorta eksperti İlkin İbrahimov həm bu məsələ, həm də icbari tibbi sığorta ilə bağlı əhalini maraqlandıran digər suallar ətrafında danışıb.

İlkin İbrahimov bildirib ki, icbari tibbi sığortanın ölkə üzrə tətbiqi dövlət başçısının fərmanına əsasən, mərhələli şəkildə həyata keçirilməlidir:

“Bu proses ötən il üçün nəzərdə tutulmuşdu. Pandemiya ilə bağlı bu proses təxirə salınmışdı. Yanvar ayından ikinci mərhələ tətbiq olundu. Aprel ayından isə Bakı, Sumqayıt, Abşeronda icbari tibbi sığortaya keçid baş tutacaq. Bu isə o deməkdir ki, mərhələlərlə keçid sığorta haqqının da mərhələlərlə toplanması deməkdir. Bu məsələ ilə bağlı vətəndaşlar narahatlıqlarını bildirirlər.

Bəzi insanlar rayon qeydiyyatındadırlar, ancaq Bakıda işləyirlər. Buna görə də sizə həmin yer üzrə sığorta haqqı tutulacaq. Vətəndaşlar müraciət edir ki, Bakı üzrə qeydiyyatda olanlar da sığorta haqqı tutulmalarına məruz qalırlar. Siz əgər xidmət alırsınızsa, bu xidmətə görə sığorta haqqı ödəməlisiniz. Yox əgər sığorta xidməti almırsınızsa, o zaman sığorta hadisəsi baş vermir deməkdir.

Bu, vətəndaşdan əlavə olaraq pul tutulması deməkdir. Sığorta ödənişi 3 ay müddətinə tutulmamalıdır. Təəssüf ki, bu baş verir və bunun səbəbini belə izah edirlər. Deyirlər ki, bölgələrdə olan vətəndaşlar burada çalışırlar, amma onların şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatı digər rayonlaradır. Bunları ayırd etmək çətin olur. Buna görə də məsələni toplu halda həll edirlər. Mən sığorta eksperti kimi bildirə bilərəm ki, aldığınız xidmətə görə sığorta haqqı ödənilməlidir”.