COVID-19 dişlərin zədələnməsinə və itirilməsinə səbəb olur

Gözəl və sağlam dişlərə sahib olmaq, kariyeslə erkən yaşda üzləşməmək və diş ərpinin yaranmasının qarşısını almaq üçün gün ərzində dişləri ən azı iki dəfə fırçalamaq lazımdır. Həmçinin bərk və şəkərli qidalardan mümkün qədər az istifadə etmək məsləhətdir. Qəbul edilən qidalara diqqət yetirmək və altı aydan bir dişləri müayinə etdirmək də tövsiyə olunur.

Həkimlər qeyd edirlər ki, ağız sağlamlığını qorumaq üçün üç əsas vasitəyə fikir vermək kifayətdir: diş fırçası, pastası və diş ipi. Diş fırçası ən azı üç-dörd aydan bir dəyişdirilməlidir. Qida qalıqlarının diş dibində qalmaması üçün yeməkdən sonra qarqara etmək də məsləhət görülür. Mütəxəssislərin dediyinə görə, qida və içkilərdəki rəng piqmentləri diş minasındakı məsamələri doldurur və nəticədə dişlər saralmağa başlayır. Ona görə hər dəfə qida qəbulundan sonra ağız boşluğunu yaxalamaq vacibdir.

ZaferTv.Az bildirir ki, həkim-stomatoloq Fidan Abdullayeva AZƏRTAC-a deyib: “Təəssüf ki, çox vaxt belə bir fikir formalaşdırırlar ki, süd dişlərinə fikir vermək lazım deyil, çünki onlar gec-tez töküləcək və əvəzində daimi dişlər bitəcək və s. Amma bu yanaşma uşaqlar böyüdükcə onların formalaşan daimi dişlərində də özünü göstərir. Dişlərin sıradan çıxması və zədələnməsinin əsas səbəbi onlara düzgün qulluq edilməməsi ilə əlaqədardır. Sübut olunub ki, ağız boşluğunda olan problemlər bütün orqanizmə, ən əsası isə həzm sisteminə təsir edir. Dişlərdə problem yaranması çeynəmə funksiyasına mənfi təsir göstərir”.

Müsahibimiz bildirir ki, dişlərdə yaranan problemlərə vaxtında müdaxilə edilməsə, daha böyük fəsadlarla üzləşmək mümkündür. Çox vaxt həmin problemlər düzgün qulluq göstərilməməsi zamanı yaranır: “Ən azı gündə iki dəfə-səhər və yatmazdan əvvəl dişlərin fırçalanması məsləhət görülür. Hər dəfə qida qəbulundan sonra diş fırçası vasitəsilə, fırça olmadıqda ağız boşluğunu yaxalamaqla diş ərpi əmələ gəlməsinin qarşısını almaq olar”.

Son araşdırmalar göstərir ki, dişlər daha bir təhlükə ilə üz-üzə gəlib. Yeni növ koronavirus (COVID-19) infeksiyası təkcə ağciyərlərə, tənəffüs sisteminə deyil, dişlərə də ziyan vurur. “Ağız boşluğu və diş əti qan-damar sistemi ilə zəngin olduğuna görə COVID-19 birbaşa dişlərin zədələnməsinə, itirilməsinə və diş əti problemlərinə səbəb olur. Bundan başqa, COVID virusu birbaşa ağız boşluğunda olan müəyyən reseptorlara da təsir edir”, – deyə həkim-stomatoloq bildirib.Ağız və diş sağlamlığını qorumaq üçün vitamin və minerallarla zəngin qidalardan istifadə etmək lazımdır. Turş, acı və həddindən artıq şəkərli qidalar dişləri saraldır və ərpin yaranmasına səbəb olur.