İran seçkiləri: Rəsmi Tehranın ciddi namizədləri və seçkisonrası siyasi hədəfləri

Azərbaycanlıların başı mövsümi İsrail-Fələstin münaqişəsinə qarışdığı üçün, qonşu İrandakı siyasi prosesləri izləməyə həvəsləri qalmır. Hərçənd, həm Azərbaycanın, həm də İranın bir birinə siyasi, mədəni, iqtisadi təsir imkanları kifayət qədər böyükdür.

Beləliklə, iyunun 18-də İran İslam respublikasında prezident seçkiləri keçiriləcək. Bildiyiniz kimi, İranın siyasi elitasında iki xətt-mühafizəkarlar və islahatçılar var. Hazırkı prezident Həsən Ruhani “islahatçı” elitanı təmsil edir və artıq 8-ci ildir, İrana rəhbərlik edir. İran 1979-cu il inqilabından sonra ABŞ və İsrailə qarşı siyasət aparır. Hətta Mahmud Əhmədinejadın vaxtından anti-ABŞ və İsrail siyasəti deyərdim ki, öz pik nöqtəsinə çatmışdı.

Əhmədinejad BMT-də hər il çıxışlarında bu iki ölkəni çox sərt şəkildə tənqid edirdi. Əhmədinejadın siyasət tərzi, nitqləri, hətta geyimi belə digər sələflərindən fərqlənirdi. İranın xarici siyasətini izləyənlər bilir ki, Əhmədinejadın vaxtından bu ölkə Yaxın Şərqdə – Suriyada, Livanda, öz mövqelərini gücləndirdi.

İran xarici siyasətinin əsas ana xəttlərindən biri; Livana, Suriyaya yönəlik “şiə hilalı” doktrinasını həyata keçirərək, həm İsraili, həm də ənənəvi rəqibi Səudiyyə Ərəbistanını çevrələməkdir. Maraqlıdır, İran öz yaxın siyasi tarixində eksponsionist siyasətini məhz Əhmədinejadın (2005-2013) hakimiyyət illərində həyata keçirdi. Əhmədinejad yenidən prezidentliyə namizədliyini irəli sürüb. Namizədlər kifayət qədər çoxdur. Lakin, əsas və son sözü ali dini rəhbəri Əli Əkbər Xamneyi deyəcək. Yəni, son nöqtəni “Vilayəti Fəqih” qoyacaq.

Son prezident seçkilərində də Əhmədinejad namizəd olmaq istəmişdi. Lakin həm 2009-cu ildəki hadisələr, həm də Xamneyi ilə bəzi incikliklər Əhmədinejadı geri addım atmağa sövq elədi. 2013-cü ildən ölkəyə rəhbərlik edən Həsən Ruhani adminstrasiyası ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa və Almaniya ilə imzaladığı nüvə anlaşmasıyla iqtisadi sanksiyaların bir hissəsinin aradan qaldırılmasına nail olmuşdu.

Trampın ABŞ prezidenti olmasıyla, proses demək olar ki, dayandı. Tramp, imzaladığı bir qərarla 2005 nüvə razılaşmasından birtərəfli olaraq geri çəkildi və İrana qarşı sanksiyaları daha da ağırlaşdırdı. İran rejimi də ABŞ-a cavab olaraq uranın zənginləşdirilməsi prosesini davam etdirməyə qərar verdi.

Vurğuladığım kimi, İran qarışıq seçki sisteminə malikdir. Bu ölkədəki “Vilayəti Fəqih” sistemi böyük təsir gücünə malikdir. İranda kim prezident olacaqsa, birmənalı ali dini rəhbərin “prinsiplərindən” kənara çıxmamalıdır və çıxa bilməz. Hətta 2015-ci ildə imzalanan “Nüvə müqaviləsi” məsələsinə də dini lider Xamneyi məsafəli mövqe sərgiləmişdi. Trampın məlum qərarından sonra, İranda müqavilədən geri çəkildi və iqtisadi vəziyyət daha da ağırlaşdı.

İyunun 18-də keçiriləcək prezident seçkilərində ən ciddi rəqiblər İbrahim Rəisi, Hüseyn Reyqan, İsaq Cahangiri, Səid Məhəmməd, Rüstəm Qasımı, Mahmud Əhmədinejad, Xamneyinin müşaviri Əli Laricani kimi namizədlərdir. Mən ən ciddi namizəd kimi İbrahim Rəisini görürəm. Rəisi ölkənin baş prokuroru işləyib, Xamneyinin ən inandığı fiqurdur (hətta ona Laricanidən də çox inanır) və eyni zamanda gözlənilir ki, gələcək də Xamneyinin varisi kimi ölkə ali dini rəhbəri olacaq.

Maraqlıdır ki, hamı İbrahim Rəisini konservativ siyasətçi kimi bilsə də, o, müstəqil namizəd kimi qeydiyyatdan keçib. Ola bilsin, Rəisi islahatçılardan da səs almaq istəyir.

İslahatçı cinaha gəldikdə isə, əsas namizəd Cavad Zərif olmalı idi. Lakin, Zərifin səs yazısının yayılması və həmin səs yazısında Bağdadda ABŞ tərəfindən öldürülən Qasım Süleymanı ilə bağlı fikirləri onun iddialarının üstündən xətt çəkdi. Zərif artıq namizəd olmayacağını bəyan edib.

Ehtimal edirəm ki, islahatçılar vitse prezident İsaq Cahangirə səs verə bilərlər.

Onu da qeyd edim ki, islahatçıların son parlament seçkilərində də məğlubiyyəti onların siyasi planlarını pozmuşdu. Möhsün Rezai İnqilab Keşikçilərinə yaxın biridir. Lakin, Rezai 2005-2009, 2013-cü illərdə də prezident seçkilərində məğlub olmuşdu. Namizədlərin əksəriyyəti Xamneyiyə yaxın olanlardır. Ancaq “Vilayəti Fəqih” böyük ehtimalla İbrahim Rəisinin üzərində qərar verəcək. Çünki, Rəisi gələcəkdə Xamneyinin varisi olacaq. Xamneyi də bir zamanlar prezident olduqdan sonra ali dini rəhbər olmuşdu.

(kaim.az)

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support