Özbəkistan portalı erməni cəllad Andranikin Zəngəzurda törətdiyi QƏTLİAMLARDAN yazıb

Özbəkistanın “fikr.uz” portalında Zəngəzurda azərbaycanlıların və ermənilərin say tərkibi, erməni cəllad Andranik Ozanyan tərəfindən bu ərazilərdə törədilən qətliamlar haqqında Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyevin məqaləsi dərc edilib.

Zafer Tv AZƏRTAC-a istinadən xəbər verir ki, rus dilində yayımlanan məqalədə 1916-cı il yanvarın 1-nə olan məlumata görə, Zəngəzurda 226 min 398 nəfər əhalinin yaşadığı, onların yarıdan çoxunun azərbaycanlılar olduğu qeyd edilib. Vurğulanıb ki, oradakı ermənilərin əksəriyyəti həmin ərazilərə Çar Rusiyası tərəfindən köçürülüb.

Yazıda bildirilib ki, 1918-ci ildə qatı cəllad Andranikin rəhbərliyi ilə erməni hərbi qruplaşmaları Naxçıvan və Culfada törətdiyi qanlı qırğınlarını Zəngəzurda və Qarabağda da davam etdiriblər. Həmin il sentyabrın 11-dən 12-nə keçən gecə Andranikin dəstələri Zəngəzurda onlarla kəndi yerlə-yeksan edib, 500-dən artıq sakini qətlə yetiriblər. Noyabrın 22-də isə həmin dəstələr Gorusun 30 kəndini dağıdıblar.

Diqqətə çatdırılıb ki, dekabrın 11-də Andranikin qruplaşması 12 kəndi yandırıb, kəndlərin sakinləri amansızlıqla qətlə yetirilib və ya əsir götürülüb. Həmin il dekabrın sonunadək Zəngəzurda 115 Azərbaycan kəndi yandırılıb və ya dağıdılıb, əksəriyyəti qadın, qoca və uşaq olmaqla, 10 min 68 azərbaycanlı öldürülüb.

Məqalədə o vaxt bu faktları araşdırmaq üçün Fövqəladə İstintaq Komissiyasının yaradıldığı da qeyd olunub.