Bayden böyük dövlətləri Rusiya və Çinə qarşı birləşdirir – Şərh

“Böyük dövlətlərin liderləri Rusiya hakimiyyətinə çağırış edərək dağıdıcı siyasətindən əl çəkməsini istəyib. Söhbət Rusiyanın qonşu dövlətlərin daxili işlərinə qarışmasından tutmuş, insan haqlarının pozulmasına qədər bəndlərdən gedir”.

Zafer Tv bildirir ki, bunu  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. O bidirib ki, böyük dövlətlərin liderlərinin müzakirə etdikləri ikinci dövlət isə Çin olub:

“Liderlər o qənaətə gəliblər ki, Çinə qarşı ortaq baxışın formalaşdırılması lazımdır. Bu qənaətə təsadüfən gəlinilməyib. Misal üçün, ABŞ-ın Çinə qarşı mövqeyi sərt olduğu halda bəzi Avopa dövlətləri Pekinin siyasətinə göz yummağa hazırdırlar. Buna görə də ABŞ prezidenti Co Bayden bir daha avropalı həmkarlarına çağırış edərək dedi ki, hamı bir nəfər kimi Çinin anti-demokratik siyasətini tənqid etməlidir: “Hərəkətə keçmək zamanıdır”.

Co Baydenə Böyük Britaniyanın baş naziri Boris Conson, Kanadanın baş naziri Castin Tryudo və Fransa prezidenti Emmanuel Makron dəstək verdilər. Almaniyanın kansleri Angella Merkel və İtaliyanın baş naziri  Mario Draqi və Avropa İttifaqının toplantıda iştirak edən təmsilçiləri Çinlə əməkdaşlığın istiqamətlərini müəyyənləşdirməyin lazım olduğunu vurğuladılar”.

Politoloq qeyd edib ki,  “Böyük yeddilər” Çini həmçinin insan haqları pozuntularına görə sərt tənqid edib: “Yekdil qərar bu oldu ki, Çin bəşəri dəyərlərə əsaslanan insan hüquqlarını kobudcasına pozur və buna qarşı ortaq mübarizə aparmaq lazımdır. “Böyük yeddilik” ölkələrinin liderləri Tayvan boğazında sülhə və sabitliyə çağırdılar. Birgə bəyanatda “Biz Tayvan boğazında sülhün və sabitliyin əhəmiyyətini dəstəkləyirik” ifadəsi yer aldı. Liderlər bəyanatda uyğurları da unutmadılar.  Pekin “böyük yeddilər”ə Böyük Britaniyadakı səfirliyi vasitəsilə cavab verdi. Çinin Böyük Britaniyadakı səfirliyi vasitəsilə yaydığı açıqlamada qeyd olundu ki, bir qrup ölkə dünyanın taleyini həll edə bilməz: “Ölkələrin böyüyü kiçiyi olmamalıdır, təmaslarda hamı iştirak etməlidir. Dünyanın taleyini bir neçə ölkənin müəyyənləşdirdiyi zaman geridə qalıb”.

E.Şahinoğlunun sözlərinə görə, Çin ona görə belə reaksiya verir ki, “böyük yeddilərin” xaricində ona dəstək verəcək dövlətlər var: “Ancaq məsələ burasındadır ki, Pekinin istəyindən asılı olmayaraq “böyük yeddilər”in əllərində təzyiq imkanları var. Doğrudur, Qərbin sanksiya siyasəti bir sıra hallarda nəticə vermir, ancaq hədəf götürülübsə onu zəiflətmək üçün bütün vasitələrdən istifadə olunur”. /sfera.az/