MHP İdarə Heyətinin növbəti iclası keçirilib

MHP İdarə Heyətinin növbəti iclası keçirilib.

Milli Həmrəylik Partiyasının (MHP) 18.06.2021-ci il tarixdə növbəti iclası keçirilib.

MHP mətbuat xidmətindən verilən məlumata görə, iclasın Milli Qəhrəman Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq həm onun, həm də bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda partiyanin İdarə Heyətinin üzvləri ilə bərabər MHP-nin Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri Sevinc Əliyeva, partiya funksionerlərindən Nuridə Məmmədova, Mürvət Məmmədli və qonaqlar da iştirak edib.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Mədəniyyət paytaxtımız Şuşa şəhərində imzaladıqları Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi barədə məruzə ilə çıxış edib. Digər natiqlər (Oqtay Əliyev, Telman Mirzəyev, Esmira Şükürova, Sevinc Əliyeva, Ramin Qasımov, Zəhra Aslanova və b.) bu Bəyannamənin əhəmiyyəti və vacibliyi barədə öz fikir və təəssüratlarını bölüşüblər.

İclasda bir sıra təşkilati və cari məsələlərə də baxılıb, o cümlədən partiyanın ianə fondunun yaradılması məsələsi ətraflı müzakirə edilib.

İclasda cari məsələlərlə bağlı təkliflər səsləndirilib, qərarlar qəbul edilib.