Bakıda sabiq polis rəisinin barəsində əlavə ittiham irəli sürülüb

Bakıda avtomatla avtomobilə atəş açan sabiq polis rəisi Rza Hacıyevin barəsində əlavə ittiham irəli sürülüb.

Bunu Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev deyib.

O bildirib ki, R.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb: “Hazırda cinayət işi Baş Prokurorluğun İstintaq idarəsində araşdırılır”.

Qeyd edək ki, 2021-ci il dekabrın 16-da Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini R.Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb.

R.Hacıyevdən “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Onu da qeyd edək ki, R.Hacıyevlə Şirzad Quliyev şərik olublar.

Xatırladaq ki, R.Hacıyev keçmiş polis rəisi, təqaüddə olan polis polkovnikidir. O, Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Əlif Hacıyevin qardaşıdır.