Türkmənistanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Türkmənistanın Azərbaycandakı səfirliyi tərəfindən bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

Bu barədə Zafertv.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirilib. Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov ölkəsinin müstəqillik tarixindən və Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafından bəhs edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dost türkmən xalqını Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikası Hökuməti adından təbrik edib. Azərbaycan və Türkmənistanın bir-biri ilə etnik, dini, tarixi və mədəni köklər və ortaq mənəvi dəyərlərlə sıx bağlı olduğunu qeyd edən nazir bildirib ki, Türkmənistanın sabit və dinamik inkişaf yolu ilə irəliləməsini və nailiyyətlərini görmək bizi sevindirir.

S.Babayev bu gün Azərbaycan-Türkmənistan əlaqələrinin strateji tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmətə əsaslandığını, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə qarşılıqlı dəstək göstərərək əməkdaşlıq etdiklərini bildirib. 14 dekabr 2022-ci ildə Türkmənbaşı şəhərində keçirilmiş Azərbaycan, Türkmənistan və Türkiyə Dövlət Başçılarının Üçtərəfli Zirvə Görüşünün çoxtərəfli əlaqələrimizin inkişafında mühüm önəmini qeyd edib.

Bildirib ki, Azərbaycanla Türkmənistan arasında siyasi dialoqun yüksək səviyyədə olması iki ölkə liderlərinin müdrik uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir. 2021-ci ildə Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə Anlaşma Memorandumunun imzalanması bölgənin rifahının artırılması, sülh və sabitliyin təmin olunması, Xəzər dənizində əməkdaşlığın inkişafı, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Nazir bu ilin 8 ayında Azərbaycanla Türkmənistanın ticarət dövriyyəsinin keçən ilin müvafiq dövrünə nisbətən 3 dəfəyə yaxın artdığını, nəqliyyat və tranzit sahəsində böyük irəliləyişlər əldə edildiyini bildirib.

O, Azərbaycanın möhtəşəm tarixi Zəfərini, torpaqlarımızın Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad edilməsinin regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdığını qeyd edib. İki ölkə arasında imzalanmış 90-a yaxın sənədin əlaqələrin hüquqi bazasını formalaşdırdığını, Azərbaycan və Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə 2008-ci ildə yaradılmış birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əməkdaşlığın inkişafında mühüm rolunu qeyd edib.

S.Babayev birgə səylərimiz əsasında iki ölkənin əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə edib.