Metroda çəkiliş niyə qadağandır?

“Bakı metrosunda foto çəkmək qadağandır. Metropolitendən istifadə qaydalarında bu qadağa rəsmən qoyulub. Bu səbəbdən də bütün stansiyalarda xüsusi lövhələr də var”.

Qadağa səbəbilə bağlı Modern.az-a danışan Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, çəkiliş barədə qaydalar Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir.

B.Məmmədov deyib ki, qaydaya əsasən Bakı metropoliteninin rəhbərliyinin icazəsi olmadan metroda foto, video və kino çəkilişləri aparmaq olmaz:

“Çəkiliş üçün metropoliten rəhbərliyindən icazə alınmalıdır. Metroda icazə verilən çəkilişlər belə nəzarət altında keçirilir. Sərnişinin Metropoliten ərazisində foto və ya video çəkilişlə məşğul olması təhlükəsizlik baxımından məqsədəuyğun deyil. Çəkilişlərin qadağan olunmasının əsas səbəbi sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədi daşıyır. Metropoliten strateji obyekt olduğuna görə, müəyyən qadağaların tətbiq edilməsi başadüşüləndir və birmənalı şəkildə qaydalara əməl olunmalıdır”.

“İndi təsəvvür edin ki, metroda şəkil çəkməyə qadağa yoxdur. Hərə əlinə bir mobil cihaz alıb, şəkil çəkəcək – eskalatorun qarşısında, üstündə, aşağı meydançada, orta zalda çəkəndə qatardan sərnişinlər axınla düşüb çıxmaq istəyəndə, ya da elə stansiya yolunda. Ən maraqlı şəkil də qatar stansiyaya girəndə çəkiləcək. Hələ mən bəy-gəlin, ad günü foto-videosessiyalarını demirəm.

Bunlar məsələnin cüzi bir qismidir.

İndi özünüzə sual verin: qadağa götürülsə, sizə və ya tanıdığınız başqa birinə metro işçisi, ya polis “burada şəkil çəkməyin, sərnişinlərə mane olursunuz” deyəndə, nə edəcəksiniz? İnanıram ki, özünüzə obyektiv cavab verəcəksiniz.

Sabirin sözü olmasın, “Hələlik qadağa qüvvədə qalsa, yaxşıdır” – bu, mənim sərnişin və metro işçisi kimi fikrimdir”, – deyə qurum rəmsi vurğulayıb.