Böyük Zəfərin ilk qığılcımları: Tovuz döyüşləri ordumuzun qəhrəmanlıq səhifəsidir

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə bir döyüş də – Tovuz döyüşləri də qızıl hərflərlə yazıldı. Bu döyüşlərdə ordumuzun qələbəsindən artıq bir il ötür. Ötən il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alındı.

Ordumuzun Böyük Qələbəyə doğru irəliləməsi 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il Naxçıvanda uğurlu Günnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçdi. Xüsusilə, atəşkəsin imzalanmasından 22 il sonra başlanan Aprel döyüşlərində Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatı nəticəsində Ermənistan hərbi birləşmələrinə ağır zərbələr vuraraq məğlubiyyətə uğratdı. Bununla da “qüdrətli”, “yenilməz” Ermənistan ordusunun mifi darmadağın oldu.

Bu gün bütün dünya bilir ki, nəinki Cənubi Qafqazda, hətta MDB məkanında sürətli iqtisadi-sosial inkişafa malik olan Azərbaycan qısa müddətdə müdafiəsini və təhlükəsizliyini təmin edə biləcək güclü hərbi potensial yaratmaqla qüdrətli ordu sahibinə çevrilib.

Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu. Döyüşlər bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almaqda çətinlik çəkmir. 100-dən çox hərbçisi və onlarla hərbi obyektləri məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti hətta səngərləri qoyub qaçdı. Döyüşlər zamanı bir neçə gün ərzində yüzlərlə yaralı və ölü daşıyan ermənilər itkilərdən dəhşətə gəldilər. Təcavüzkar Ermənistan cəbhədəki ağır uğursuzluğunu xalqdan gizlədərək, hərbi rəhbərliyin doğru olmayan məlumatlarını yayırdı.

Tovuz döyüşlərində ordumuzun əsgər və yüksək rütbəli zabitləri qəhrəmanlıq və igidlik nümunələri göstərərək, erməni işğalçılarının törətdikləri təxribatların qarşısını qətiyyətlə aldılar. Xalq bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını general-mayor Polad Həşimovu, polkovnik İlqar Mirzəyevi, mayor Namiq Əhmədovu, mayor Anar Novruzovu, baş leytenant Rəşad Mahmudovu, gizir İlqar Zeynalovu, gizir Yaşar Babayevi, baş çavuş Vüqar Sadıqovu, çavuş Elçin Mustafazadəni, çavuş Nazim İsmayılovu, baş əsgər Elşad Məmmədovu və əsgər Xəyyam Daşdəmirovu böyük izdihamla son mənzilə yola saldı. Onların qanları yerdə qalmadı, qisasları alındı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həmin günlər bir daha bildirdi: “Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”. Ölkə rəhbəri Tovuzda baş verən hadisələri Ermənistanın növbəti təxribatı adlandırdı və Azərbaycanın ərazi bütövlüyünü qoruyacağını qətiyyətlə ifadə etdi.

Tovuz döyüşləri ölkəmizdə xalq və Prezident, xalq və ordu birliyinin yenidən təcəssümünə çevrildi. Azərbaycan Ordusu bir daha göstərdi ki, Ermənistan ordusu onun gücü qarşısında aciz və zəifdir.

Bəs döyüşlər zamanı acı məğlubiyyətə düçar olan Ermənistanda nə baş verirdi? Ən əvvəl baş nazir hərbi rəhbərliyə itkiləri gizlətməyi tapşırmışdı. Onlar ölkənin gənclərini Azərbaycan ərazilərinin işğalına və terrora cəlb edirdilər. Xalqının gözünə dik baxa bilməyən, ölüm və yaralılarla bağlı statistikanı gizlədən Ermənistan rəsmiləri, əslində, xalqı deyil, özlərini aldadırdılar. Əvvəlcə 2 nəfər polislə 2 nəfər əsgərin yaralandığını bildirən erməni mənbələri çox keçmədi ki, yüzdən çox əsgər və zabitin öldürüldüyü və yaralandığı barədə xəbərləri tirajladılar. 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt əməliyyatları zamanı yaşadıqları xof yenidən başlarının üstünü kəsdirdi, “erməni xəstəliyi”nin simptomları özünü yenidən göstərdi. Onlar yenidən “yazıq”, “məzlum” maskalarını geyinərək dünyaya haray-həşir salıb yardım istədilər. Tovuz rayonu ilə sərhəddə yaşayan ermənilər müxtəlif yollarla qaçıb canlarını qurtarırdılar.

Həmin günlər Azərbaycan xalqı isə ayaqda idi, hər kəs döyüşmək, işğal altında olan torpaqlarımızı azad etmək üçün ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında sıx birləşdi. Düşmənə qarşı nifrət, axıdılan nahaq qanların qisasının alınması hamıda döyüşkənlik əhval-ruhiyyəsi yaratdı. Düşmən onu da gördü ki, Azərbaycan Ordusunun generalları və zabitləri öz əsgərləri ilə çiyin-çiyinə döyüşür, onları ruhlandırır və şəxsi nümunə göstərirlər. Əsgər valideynləri fəxr edirdilər ki, onların övladları Vətən, torpaq uğrunda döyüşür, düşməndən şəhidlərimizin qisasını alırlar.

Tovuz döyüşləri Azərbaycanın hərbi qələbəsi ilə bərabər, onun geosiyasi üstünlüyünü də açıq şəkildə göstərdi. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir neçə üzvünün ölkəmizin haqlı mövqeyini dəstəkləməsindən sonra Türkiyə, Pakistan, Ukrayna və hətta İtaliya kimi bəzi Avropa ölkələri Azərbaycanın işğala məruz qaldığını bildirməklə kifayətlənmədilər, eyni zamanda, ölkəmizə hər cür dəstək verə biləcəklərini bildirdilər. Məhz ölkəmizə bu xarici dəstəkdən sonra Ermənistan cəmiyyətində ciddi xaos hiss olunmağa başladı.

Bu barədə də Prezident İlham Əliyev deyirdi: “Beləliklə, bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm – beynəlxalq təşkilatlarda, beynəlxalq kürsülərdən, ölkə daxilində. Çox da təkrarlamaq istəmirəm, amma bir şeyi istəyirəm, Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil.”

Tovuz döyüşlərinin Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmasını Ermənistanın hərbi ekspertləri də etiraf etdilər. Ermənistanın yüksək rütbəli zabiti Arkadi Ter-Tadevosyan İrəvandakı “İmpuls 106.5 FM” radiosuna verdiyi müsahibəsində bildirirdi ki, Azərbaycan Ordusu bu döyüşlərdə öz hədəfinə çatdı. Onlar Ermənistanın bəzi hərbi obyektlərini darmadağın etməklə bərabər, həm də bizim əsas hərbi obyektlərimizin bir çoxunun yerini təsbit etməklə gələcək döyüşlərdə böyük üstünlüklər qazanmağı bacaracaqlar. Bu və ya digər ağır nəticələrə görə deyə bilərəm ki, Tovuz döyüşlərində Ermənistan ordusu məğlub tərəfdir.

Beləliklə, Tovuz döyüşləri Ermənistanın hərbi gücsüzlüyünü, onun geosiyasi nüfuzunun zəifliyini və Azərbaycan Ordusu qarşısında məğlub olacağını bir daha göstərmiş oldu. Bütün bunlar xalqımızın döyüş ruhunun nə qədər yüksək olduğunu nümayiş etdirdi. Bu isə sonda mənfur düşmən üzərində qazanılacaq böyük qələbəmizin addım səsləri idi…

Bəli, ordumuzun şanlı Aprel, Tovuz döyüşləri, uğurlu Günnüt əməliyyatı Azərbaycanın Vətən müharibəsində qazanmış olduğu Böyük Zəfərin ilk qığılcımları idi… /ordu.az/