Həkim sağlam körpəyə 15 dərman yazdı – “Firma oyunu”

Bakıda həkim 2 aylıq uşağa çox ağladığına, köp və qaz sancısına görə 15-dən çox dərman təyin edib.

Zafer Tv Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə pediatr Günay Rəsulova qeyd edib.

Pediatr dərmanların fotosunu da paylaşıb və bildirib ki, sözügedən resepti yazan həkimin hərəkəti yolverilməzdir:

“Belə ki, “Gentamicin” antibiotik içməyə təyin edilib. Halbuki bu qrup antibiotiklər içməyə təyin edilə bilməz. Digər gördüyünüz balaca paketlər: “Luminal” qıcolma əleyhinə vasitədir, onu da körpəyə yatması üçün yazıblar, “Mezim forte” isə həzm dərmanıdır, böyüklər üçündür; probiotiklər, qulaq damcısi, göz damcısı, qaraciyər dərmanı və s… Ağıla gələn, gəlməyən nə varsa, yazıb”.

Pediatr deyib ki, əslində uşaqda olan ağrı heç bir müalicə ehtiyacı olmayan, 3 ayından sonra öz-özünə zamanla keçəcək bir problemlərdir.

G.Rəsulova ehtiyac olmadığı halda 2 aylıq körpəni bu qədər zərərli dərmanla yükləməyə qəti etirazını bildirib.