Ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb, xəsarət alanlar var – YENİLƏNİB

10:38

Ağdaş rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Məlumata görə, rayonun Nehrəxəlil kəndində “Mercedes” və “VAZ-2107” markalı minik avtomobillərinin toqquşması zamanı 1971-ci il təvəllüdlü Rahilə Əhmədova, nəvəsi, 2008-ci il təvəllüdlü Rahilə Əhmədova və 1984-cü il təvəllüdlü Seymur Əhmədov ölüb. Ölənlər “VAZ-2107” markalı avtomobilin sürücüsü, onun anası və qızıdır.

Hadisə zamanı habelə Dursun İsmayılova, Xəqan Əlizadə, Təbriz Əhmədov, İqbal Sabirli xəsarət alıblar.

———-

09:29

Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bu barədə ZaferTv.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş rayonunun Nehrəxəlil kəndində “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri “Mercedes” markalı minik avtomobilindən, 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.